Mərkəzi Dövlət Arxivi – 105
Azərbaycanın arxiv quruculuğu tarixində baş verən önəmli hadisələrdən biri də ASSR Nazirlər Sovetinin 5 aprel 1968-ci il tarixli 154 nömrəli qərarı ilə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivinin yaradılmasıdır. Qərar ölkəmizin ictimai-siyasi həyatını, tarixini, elmini və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio-video sənədlərin mühafizəsi işinin təşkilində müstəsna əhəmiyyəti olan normativ hüquqi aktdır.
Dövlət Səs Yazıları Arxivinin yaradılmasında məqsəd ölkəmizin tarixi və elmi üçün əhəmiyyətli olan audieovizual sənədlərin, dövlət, elm və incəsənət xadimlərinin çıxışlarının, müxtəlif səs və video daşıyıcıda olan yazılarının, müharibə və əmək veteranlarının, ölkəmizə qonaq gələn xarici ölkələrin dövlət və ictimai xadimlərinin çıxışlarının, söhbətlərinin və müsahibələrinin əks olunduğu səs və video yazılarını toplamaq və dövlət mühafizəsini təmin etmək idi.
DSYA qarşısına qoyulmuş vəzifələri uğurla icra edərək, ötən 60 ilə yaxın fəaliyyəti dövründə ölkəmizin sosial-mədəni həyatını özündə əks etdirən qiymətli audiovizual sənədlərin zəngin bazasını yarada bildi. Hazırda bu qiymətli səs xəzinəsində Azərbaycanın mədəniyyət tarixi üçün qiymətli mənbə olan minlərlə dövlət, elm, mədəniyyət, incəsənət, xadiminin, sadə zəhmətkeş insanların səs yazıları mühafizə olunur, bu audiovizual sənədlər əsasında Azərbaycan cəmiyyətinin, xalqının mədəni-tarixi həyatı öyrənilir, təbliğ olunur, onların gələcək nəsillərə çatdırılması və hərtərəfli istifadəsi məqsədilə müasir texnoloji nailiyyətlərdən istifadə edilməklə rəqəmsallaşdırılması həyata keçirilir.
Arxiv İdarəsi dövlət arxiv xidməti təşkilatlarının strukturunun və şəbəkisinin yenidən təşkili ilə əlaqədar bu sahədəki qurumların işinin yaxşılaşdırılması, xüsusi ilə sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin fəaliyyətinin təşkili qaydalarının təkmilləşdirilməsi məqsədilə təkliflər layihəsini hazırlayaraq baxılmaq üçün Nazirlər Sovetinə təqdim edilir. AzSSR Nazirlər Soveti Arxiv İdarəsinin təkliflərini nəzərə alaraq 1969-cu il sentyabrın 3-də “Sənəd materialları dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri haqqında Nümunəvi əsasnamə”ni təsdiq edir.
Nümunəvi əsasnamədə sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin təşkilatı və maliyyə fəaliyyətinin təşkili mexanizmi, arxivin sənəd materiallarının tərkibi, rayon dövlət arxivlərinin vəzifələri və digər məsələlər əks olunur, rayon (şəhər) dövlət arxivləri şəbəkəsinin fəaliyyət istiqamətlərini, onların hüquq və vəzifələrini müəyyən edir. Qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti respublika ərazisində fəaliyyət göstərən respublika və sahə əhəmiyyətli elmi-tədqiqat, layihə, konstruktor təşkilatlarının, ali təhsil müəssisələrinin kafedra və labarotoriyalarının hazırladıqları elmi-tədqiqat materiallarının, hesabatların, habelə tibbi müəssisələrinin elmi əhəmiyyətli sənədlərinin komplektləşdirilməsi işinin təşkili, müvafiq sahələrdə arxiv işinin təşkilinə elmi-metodiki köməklik və nəzarəti həyata keçirmək məqsədilə spesifik dövlət arxivinin yaradılmasını məqsədə uyğun hesab edir.
Azərbaycan SSR Nazirlər Soveti Arxiv İdarəsinin təkliflərini nəzərə alaraq və qeyd olunan sahədə arxiv işinin səmərəli təşkil etməklə respublika və sahə əhəmiyyətli elmi-tədqiqat, layihə, konstruktor təşkilatlarının, ali təhsil müəssisələrinin kafedra və labarotoriyalarının fəaliyyəti nəticəsində yaranan və bu sahədəki inkişafı özündə əks etdirən qiymətli arxiv materiallarının, elm, texnika və tibb sənədlərinin etibarlı mühafizəsini və hərtərəfli istifadəsini təmin etmək məqsədilə 24 iyul 1969-cu ildə 338 nömrəli qərarla AzSSR Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivini (DETSA) yaradır.
DETSA qısa müddətdə təşkil olunaraq fəaliyyətə başlayır. Arxiv respublika iqtisadiyyatının mühüm sahələri olan neft hasilatı, emalı, neftkimya, energetika, nəqliyyat, su təsərrüfatı, tikinti və şəhərsalma, ərzaq məsələləri, habelə elmi-tədqiqat, mühəndis konstrukor bürolarının, laboratoriyaların, ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrin arxiv fondu sənədlərini (işlərin) dövlət mühafizəsinə qəbulunu və həmin sənədlərdən elmi məqsədlər üçün istifadəsi işini həyata keçirir.
Bu arxivdə qeyd olunan sahələrə aid yüz minlərlə idarəçilik və elmi-texniki sənəd (layihə, eskiz, kalka, hesabat smeta və s.), habelə müvafiq sahələrdə çalışmış görkəmli elm xadimlərinin, memarların, həkimlərin elmi yaradıcılıq fəaliyyətlərinə dair şəxsi xarakterli sənədləri mühafizə edilir. Elm və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf tarixini özündə əks etdirən bu qiymətli arxiv materiallarından iqtisadiyyatın müxtəlif sahələrinin yenidən qurulması və bərpasında, elmi-tədqiqat işlərində, mədəni-maarifçilik və digər elmi-texniki sahələrlə bağlı zəruri məlumatların əldə edilməsində geniş istifadə olunur.
1960-cı illərdə ixtisaslaşmış dövlət arxivlərinin yaradılması, yerlərdə Mərkəzi Dövlət Arxivinin filiallarının təşkili arxivlərin fəaliyyət dairəsinin genişlənməsinə, nəticə etibarilə dövlət mühafizəsinə qəbul edilən sənədlərin keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşmasına, sosial fəaliyyətin bütün sahələrində yaranan məzmunca elmi-tarixi və praktiki əhəmiyyətə malik sənədlərin dövlət arxivlərində komplektləşdirilməsinə geniş imkanlar yaratdı.
Həmin illərdə arxivlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəticəsində Mərkəzi Dövlət arxivləri üçün yeni inzibati bina tikildi, mühafizəxanaların həcmi genişləndirildi, maddi-texniki təchizatı yaxşılaşdırıldı. Yeni yaradılmış Dövlət Arxivi filiallarının uyğunlaşdırılmış binalarla təmin edilməsi, arxiv işində çalışanların təhsil səviyyəsinin artırılması, İttifaq miqyaslı və yerli ali təhsil müəssisələrində arxivçi ixtisası üzrə kadrların hazırlanması istiqamətində addımlar atıldı.
XX əsrin 60-cı illərin sonlarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin siyası rəhbərliyinə gəlişi ilə Azərbaycanın sosial-siyasi və mədəni həyatında yeni dövrün əsası qoyulur. Heydər Əliyev tarixin ona bəxş etdiyi imkanlardan böyük siyasi uzaqgörənliklə istifadə edərək müasir Azərbaycan cəmiyyətinin, onun dövlətçiliyinin formalaşdırılması missiyasını həyata keçirməyə başlayır.
Azərbaycan həmin illərdən etibarən malik olduğu bütün intellektual və insan potensialı, təbii resursları, milli-mənəvi dəyərləri ilə tərəqqi və inkişaf mərhələsinə qədəm qoyur. Vətən tarixinin hər bir səhifəsini, xalqımızın adət-ənənələrini, onun mədəni irsini müqəddəs hesab edən ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə arxiv işinin inkişafına və dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə öz layiqli töhfələrini verdi. Ümummilli lider hakimiyyətə gəldiyi ilk gündən dövlət arxivlərinin vəziyyəti ilə maraqlandı və rəhbərlik etdiyi Mərkəzi Komitənin ilk iclasında respublikamızda arxivlərin məsələsini müzakirəyə çıxararaq arxiv işinin yaxşılaşdırılması haqqında təxirəsalınmaz tədbirlərin görülməsi barədə aidiyyəti dövlət qurumlarına xüsusi tapşırıqlar verdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan SSR-nin Nazirlər Soveti 8 aprel 1970-ci ildə “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında” və 23 aprel 1973-cü ildə “Azərbaycan SSR-də arxiv işinin gələcək inkişafına dair tədbirlər haqqında” qərarlar qəbul edir. Adıçəkilən qərarlar ölkədə arxiv işinin inkişafında yeni mərhələnin başlanğıcını qoyur və onun inkişaf istiqamətləri üzrə prespektivlərini müəyyən edir.
Bu qərarla dövlət orqanlarında, nazirliklərdə və idarələrdə, rayon (şəhər) icraiyyə komitələrində arxiv işinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmin qurumlarda arxiv işi sahəsində elmi, təşkilati-metodiki rəhbərliyin yüksəldilməsi, daimi saxlanılma müddətli sənədlərin dövlət mühafizəsinə təhvil verilməsi işinin təşkilindəki qüsurların aradan qaldırılması tapşırılır.
Eyni zamanda, Sənaye Tikinti Nazirliyinə Bakıda Mərkəzi dövlət arxivləri üçün yeni binanın tikintisi işinin başa çatdırılması, Naxçıvan şəhərində, o cümlədən mövcud layihə-smeta sənədləri əsasında Xankəndi, Gəncə və Şəki şəhərlərində arxiv binalarının tikintisi məsələsinə aidiyyəti üzrə baxılması, Dövlət Plan Komitəsinə dövlət arxivlərinin müasir avadanlıqlarla təchiz edilməsi, Dövlət Mətbuat Komitəsinə arxivlər tərəfindən hazırlanmış elmi nəşrlərin, sənəd məcmuələrinin maneəsiz çap edilməsi, yerlərdə sənədlərin saxlanılması xərclərinin azaldılması məqsədilə birləşmiş arxivlərin yaradılması, habelə nazirlik, idarə və müəssisələrdə arxiv müdiri, arxivarus, dəftərxana müdiri ştatlarının yaradılması və həmin vəzifələrə tarix-arxivçi ixtisası üzrə təhsil almış kadrların cəlb edilməsi kimi mühüm tapşırıqlar verilir.
Həmin qərarda Elm və Təhsil Nazirliyinə Azərbaycan Dövlət Universitetində arxivşünaslıq və yardımçı tarix fənni üzrə kafedranın yaradılması məsələsinə baxılması tapşırılır. Eyni zamanda ölkədə arxiv şəbəkəsinin genişlənməsi və arxiv işinin elmi və ideoloji əhəmiyyətinin artması nəzərə alınaraq Nazirlər Soveti yanında Arxiv İdarəsinin Baş Arxiv İdarəsi kimi yenidən təşkili qərara alınır. İdarənin strukturunda xüsusi nəzarət müfəttişliyinin yaradılması nəzərdə tutulur. Həmçinin xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin aşkar edilməsi sahəsində işin səmərəli təşkili üçün Xarici İşlər Nazirliyinə və Elmlər Akademiyasına məsələnin öyrənilməsi tapşırılır. Arxiv işi ilə əlaqəli digər tapşırıqlar verilir.
Ölkənin siyası rəhbərliyinin arxiv işinə son dərəcə həssaslıqla yanaşması və dövlət orqanı olaraq onun fəaliyyətinin daimi diqqətdə saxlanılması, sahə ilə bağlı hökumət tərəfindən qəbul edilən qərarların intensivliyini artırdı. Belə ki, AzSSR Nazirlər Soveti 4 oktyabr 1978-ci ildə “Azərbaycan SSR-də arxiv işinin vəziyyətinin yaxşılaşdırılması barədə” daha bir qərar qəbul edir.
Qərarda Baş Arxiv İdarəsinə, Naxçıvan və DQMV arxiv idarələrinə, rayon İcraiyyə komitələrinə idarə və təşkilatlarda saxlanılma müddətləri bitmiş sənədlərin dövlət mühafizəsinə qəbulunun təmin edilməsi, xüsusi qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması işinə başlanılması və bu məqsədlə dövlət arxivlərinə zəruri avadanlıqların alınması, arxiv mühafizəxanalarının avtomatlaşdırılmış yanğından mühafizə və siqnalizasiya sistemləri ilə təchiz edilməsi, mühafizəxanalarda sənədlərin uzunmüddətli saxlanılması və yerləşdirilməsi üçün tələb olunan şəraitin yaradılması və digər məsələlər əks olunurdu.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və tapşırığı ilə qəbul edilən qərarlar və görülən tədbirlər əsasında 1969–1970-ci dərs ilindən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində tarixçi-arxivçi qrupları təşkil edilir, Bakı maliyyə-kredit texnikumunda təhsilli arxivçilərin hazırlanılmasına başlanılır. Ulu öndərin təşəbbüsü ilə 1979-cu ildən Moskva Tarix-Arxiv İnstitutunda ixtisas artırmaya, əlavə təhsilə arxivçi kadrların cəlb edilməsinə start verilir, həmçinin SSRİ Dövlət Texniki-Peşə Komitəsi ilə razılaşdırmaqla arxiv sənədlərinin bərpası və mikroflimləşdirilməsi üzrə yerli kadrların hazırlanması məsələsinə baxılır.
Dövlət hakimiyyəti orqanları tərəfindən arxiv işi ilə bağlı ardıcıl olaraq qəbul edilən qərarlarda respublikamızda arxiv işi sahəsində olan problemlər açıq olaraq göstərilir, onların aradan qaldırılması və gələcək inkişafı yolları müəyyən olunurdu. Arxiv sahəsində dövlət idarəçiliyinin və dövlət arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və istifadəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə AzSSR-nin Nazirlər Soveti 5 iyun 1980-cı ildə “SSRİ arxiv fondunun əsasnaməsinin və SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin əsasnaməsinin təsdiq edilməsi haqqında 4 aprel 1980-cı il tarixli 274 nömrəli qərarın icrası barədə” qərar qəbul edir.
15 avqust 1980-ci il tarixli 352 nömrəli “Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin məsələləri haqqında” qərarla Respublika Baş Arxiv İdarəsinin fəaliyyət istiqamətləri və səlahiyyətlərini müəyyən edir. Mərkəzi hökumət tərəfindən təsdiq olunan “SSRİ dövlət arxiv fondu haqqında” yeni Əsasnaməyə əsasən SSRİ Dövlət arxiv fondu üzərində sərəncam vermək hüququ SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə verilir, İttifaq respublikaların dövlət arxivlərinin fəaliyyətinə dair hesabatlar respublika hakimiyyət orqanlarına deyil, İttifaq tabeli arxiv təşkilatlarına təqdim edilməsi və onlara əməli rəhbərlik İttifaq orqanları tərəfindən həyata keçirilməsi nəzərə alınırdı.
Respublika Nazirlər Sovetinin 1980-ci il 15 avqust tarixli 352 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin yeni Əsasnaməsinə əsasən Baş Arxiv İdarəsi dövlət idarəçiliyində ittifaq-respublika əhəmiyyətli orqan hesab edilir və təşkilati-hüquqi cəhətdən AzSSR Nazirlər Sovetinə və eyni zamanda SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə tabe edilir. SSRİ dövlət arxiv fondu haqqında əsasnamənin tələblərinə uyğun olaraq tərtib edilmiş Azərbaycan SSR-nin Baş Arxiv İdarəsinin Əsasnaməsində dövlət arxiv fondunun mühafizəsi, dövlət arxivlərinin komplektləşdirilməsi və onlarda saxlanılan sənədlərin istifadəsi işinin təşkili, arxiv işi sahəsində elmi-metodiki və təşkilati-hüquqi tədbirlərin həyata keçirilməsi və digər məsələlər ehtiva olunurdu.
XX əsrin 70-80-cı illərində respublikamızda arxiv işinin yaxşılaşdırılması və arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsiist iqamətində həyata keçirilən tədbirlər və qəbul edilən qərarlar xalqımızın mədəni-tarixi irsinin qorunması və elmi-tədqiqat məqsədilə istifadəsi sahəsində arxiv təşkilatlarının məsuliyyətini və vəzifələrini daha da artırdı. Alimlərimiz tərəfindən dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında yüzlərlə monoqrafiya, elmi məqalə, kitab hazırlanaraq çap olundu, dövlət arxivlərimiz sənəd materiallarının dərc olunması sahəsində respublikamızın qabaqcıl elmi müəssisələrinə çevrildi.
Ulu öndərin rəhbərliyi ilə dövlət arxiv xidməti təşkilatlarının şəbəkəsi yenidən quruldu, arxivlərin kadr potensialının möhkəmləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. 1982-ci ilin oktyabrında Partiya Tarixi Arxivinin 60 illik yubileyində iştirak edən Heydər Əliyev Azərbaycanda tarix elminin təşəkkülü və inkişafında alimlərin və arxivçilərin əməyinə yüksək qiymət verərək deyirdi: ”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”.
Ölkəmizdə ictimai elmlərin qarşısında duran vəzifələri geniş təhlil edən Heydər Əliyev cəmiyyətin aktual problemlərinin tədqiqi, onların nəzəri səviyyəsinin yüksəldilməsində ictimai elmlərin inkişaf etdirilməsini vacib sayır və ictimai elmlər üçün mənbəşünaslıq bazasının yaradılmasında dövlət arxivlərinin rolunu xüsusi olaraq qiymətləndirir.
1982-ci ildən SSRİ kimi nəhəng dövlətin rəhbər strukturlarında SSRİ Nazirlər Sovetinin birinci müavini kimi fəaliyyət göstərən Ulu öndər Heydər Əliyev dövlətin bir çox mühüm sahələrinə, o cümlədən arxiv sahəsinə nəzarət edir və bu sahəni daimi diqqətdə saxlayır. Heydər Əliyev SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin 21 noyabr 1983-cü ildə keçirilən genişləndirilmiş kollegiya iclasında iştirak edir və dərin məzmunlu nitqi ilə bütün zalda və ali kürsüdə əyləşənləri heyrətləndirə bilir. Arxiv işinə dərindən bələd olan Ulu öndər öz çıxışında ölkənin dinamik inkişafında dövlət arxiv xidmətinin, arxiv sənədlərinin müstəsna elmi və siyası əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğulayır, dövlətin təşəkkülündə arxivlərin tarixi rolunu və arxivçilərin əməyini yüksək qiymətləndirir.
Tarixin yazılı abidəsi olan arxiv sənədlərinin qorunmasının dövlət və xalq üçün vacibliyini qeyd edən Heydər Əliyev deyirdi: “Arxiv işi donub qalmış, dəyişməz deyil, daimi inkişaf edən, təkmilləşən, dövlətin inkişafına, sosial-siyasi qərarların qəbuluna, xalqın milli ənənələrinə uyğun vətənpərvərlik ruhunda tərbiyələnməsinə xidmət edən mühüm fəaliyyət sahəsidir. Dövlət arxivlərimizdə öz işini bilən və sevən fədakar insanlar çalışırlar və onlar öz fəaliyyətləri ilə daimi dövlətin maraqlarını qoruyurlar. Dövlət arxivləri cəmiyyətdə məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirməklə ciddi olaraq dövlətin maraqlarının qorunmasını təmin etməlidirlər”.
Arxivlərin dövlət idarəçiliyindəki rolundan danışan Ulu öndər xüsusi olaraq qeyd edirdi: “Dövlətin çoxşaxəli iqtisadi, siyasi, sosial, mədəni sahələrdə qərarların qəbulunda arxiv sənədlərinin müstəsna əhəmiyyəti var, arxiv sənədlərindən geniş və məqsədəyönlü istifadə arxiv təşkilatlarının birmənalı vəzifəsidir”. Böyük idarəçilik təcrübəsinə və fenomenal biliyə malik Heydər Əliyev kimi dahi şəxsin arxivlərə bu cür yüksək dəyər verməsi, arxiv işinin cəmiyyətin davamlı inkişafında vacib sahə olduğunu bir daha təsdiq edir.
XX əsrin 80-ci illərin axırlarından ölkənin sosial-siyasi və iqtisadi sahələrində həyata keçirilən yenidənqurma tədbirləri, arxiv işi sahəsinə də öz təsirini göstərdi. Azərbaycan SSR-nin Nazirlər Soveti respublikamızda arxiv işinin idarə olunması və onun gələcək inkişaf istiqamətlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə 31 avqust 1988-ci ildə “Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin strukturunun yenidən qurulması haqqında” qərar qəbul edir.
Həmin qərarda aidiyyəti dövlət qurumlarına arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, arxiv təşkilatlarının iş metodu və prinsiplərinin təkmilləşdirilməsi, dövlət arxivlərinin elmi-məlumat fəaliyyətinin aktivləşdirilməsi, nazirliklərin, idarə və təşkilatların arxivlərinə göstərilən elmi-metodiki köməkliyin yaxşılaşdırılması, əmək və istehsalat intizamının artırılması, əməkdaşların ixtisaslarının artırılması və digər məsələlər barədə tapşırıqlar verilir. Eyni zamanda həmin qərarla Baş Arxiv İdarəsinin mərkəzi aparatının yeni strukturu, ştat sayı və əməkhaqqı fondu təsdiq olunur.
1990-cı illərin əvvəllərində Azərbaycan 1920-ci il aprel işğalı ilə itirmiş olduğu müstəqilliyini yenidən bərpa edir. Müstəqillik əldə etmiş gənc Azərbaycan dövləti özünün bütün yeraltı və yerüstü sərvətlərinin, maddi və mənəvi resurslarının, o cümlədən dövlət arxivlərimizdə mühafizə olunan sənəd sərvətinin üzərində tam mülkiyyət hüququnu qazanır. Ölkəmizin hüquq sistemində, iqtisadi-siyasi və mədəni həyatında köklü islahatlara start verilir.
Şübhəsiz, yeni tarixi dövr digər sahələrdə olduğu kimi, arxiv işinin də ölkənin milli inkişaf strategiyasına uyğun təşkili və inkişaf etdirilməsinə zərurət yaranır. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 1991-ci il tarixli 76 nömrəli Sərəncamı ilə ləğv edilmiş Azərbaycan KP MK-nın Tarixi Tədqiqatlar İnstitutu və onun fundamental elmi-məlumat kitabxanası Respublika Baş Arxiv İdarəsinin sərəncamına verilir. Partiya strukturlarının fəaliyyətində yaranan arxiv sənədlərin Azərbaycan tarixi üçün əhəmiyyətini nəzərə alan Baş Arxiv İdarəsi tarixi əhəmiyyətli sənədlərin mühafizəsi və istifadəsi işinin səmərəli təşkilini təmin etmək üçün Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti Baş Arxiv İdarəsinin təkliflərini nəzərə alaraq 18 dekabr 1991-ci il tarixli 277s nömrəli Sərəncamla Azərbaycan KP MK-nın Tarixi Tədqiqatlar İnstitutu və onun elmi-məlumat kitabxanasının bazasında Azərbaycan Respublikasının Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivini yaradır. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti dövrün tələblərinə uyğun olaraq 17 fevral 1992-ci il tarixli 101 nömrəli qərarla Azərbaycan Respublikası Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Ən yeni Tarixi Mərkəzi Dövlət Arxivi adlandırılır.
Ölkədə arxiv işinin yeni tarixi şərtlərə və idarəetmə prinsiplərinə uyğunlaşdırılması məqəsdilə Azərbaycan Respublikasının Nazırlər Kabineti 11 mart 1994-cü il tarixli 107 nömrəli qərarla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin yeni Əsasnaməsini, Mərkəzi Aparatının strukturunu və respublika dövlət arxivlərinin yeni şəbəkəsini təsdiq edir.
(ardı var)
Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,
Həsən HƏSƏNOV,
rəis müavini