Ötən həftə olduqca zəngin bir proqram keçirdik. Küresel Qazetəçilər Konseyi (KGK) Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə Bakıya səfər təşkil etdi.
Proqram belə davam etdi: Bütün iştirakçılar İstanbuldan Azərbaycanın qədim şəhəri Gəncəyə yola düşdü. Gəncə səfərimiz bir gün davam etdi və Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Gəncədə qaldığı evi ziyarət etmək hər şeyə dəyərdi. Şah İsmayıl Xətainin Azərbaycanın hər bölgəsində yerləşən heykəllərini görmək də olduqca maraqlı idi.
Səfər karvanı daha sonra 30 il işğal altında qalan Qarabağa yola düşdü. Yaz fəsli başlayarkən, hər guşəsi çiçəklərlə bəzənmiş dağların qoynundan keçərək illərlə içimizi yandıran Xocalıya çatdıq. Xocalıda hüzn və sevinc bir arada yaşandı. Baharın təravətli ətri ilə şəhidlərin cənnət qoxusu bir-birinə qarışmışdı.
Asan deyil, 30 il doğma torpaqlara həsrət qalmışdıq. 2020-ci il 27 sentyabrda başlanan II Qarabağ Müharibəsi ilə bu həsrətə son qoyuldu və torpaqlarımız azad olundu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Zəfər yumruğunun düşmənin başına enməsi ilə öz mənasını tapdı.
Qarabağın mərkəzi sayılan Xankəndi Xocalıdan sonra qarşımızda idi. 2022-ci ildə Şuşada Diaspor tərəfindən təşkil olunan Zəfər Qurultayında Cıdır düzündən həsrətlə Xankəndinə baxmışdıq… 2024-cü ildə isə artıq orada idik. Son dayanacağımız Mədəniyyət Paytaxtı Şuşa oldu. Tarixi İsa bulağında dayandıq, möhtəşəm havasını ciyərlərimizə çəkdik, sərin suyunu dadlıca içdik.
Ardınca Bakı proqramı üçün yola çıxdıq. Səhərin ilk işıqları ilə Mətbuat Şurasının iclasına qatıldıq. Toplantının ardından Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev zala gələrək Türkiyədən gələn jurnalistlərlə bir-bir görüşdü və çıxış etdi.
Azərbaycanın hazırkı vəziyyətini əhatə edən çıxışında jurnalistlərin suallarını da cavablandırdı. Hacıyev bildirdi ki, 1992-ci ildə Qarabağdan 1 milyon insan zorla köçürülüb. Ermənilər ələ keçirdikləri ərazilərdə daşı daş üstə qoymamış, hər şeyi dağıdıb yandırmışdılar.
Hazırda bütün şəhərlərdə genişmiqyaslı bərpa işləri aparılır. Yollar, tunellər tikilir, hazır olan evlərə vətəndaşlar köçürülür.
Zəngəzur dəhlizinin Ermənistan tərəfindən heç bir müqavimət göstərilmədən razılaşdırılmalı məsələ olduğunu və bu dəhlizin Ermənistan xalqı üçün dünyaya açılma imkanı yaradacağını vurğuladı.
İndiyə qədər 45 min nəfər daimi olaraq Qarabağa yerləşdirilib və qoyulan bütün investisiyalar Azərbaycanın öz daxili imkanları hesabına maliyyələşdirilib. Bu proses davam edir.
Bəli, doğrudan da, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Laçın, Kəlbəcər, Ağdam... ümumilikdə bütün Qarabağda tikinti texnikası fasiləsiz çalışır. Türkiyəli podratçılar indiyə qədər təxminən 10 milyard dollarlıq sifariş alıblar. Lakin bu işlərin tam başa çatması üçün azı 30 il tələb olunacaq. Bu 30 il ərzində Qarabağ dünyanın diqqət mərkəzinə çevriləcək.
Azərbaycan Milli Məclisini ziyarət edən jurnalistlər nazir və millət vəkillərinin yerlərində xatirə şəkilləri çəkdirdilər. Bəziləri tribunaya çıxaraq “Nə oldu, Paşinyan?” deyərək eyham vurdu.
Daha sonra Şəhidlər Xiyabanı, şəhər turu, İçərişəhər, Tarqovıy, Zəfər Abidəsi, Heydər Əliyev Mərkəzi kimi önəmli yerlərə səfər etdik.
KGK Prezidenti Mehmet Ali Dimin rəhbərliyi, Meryem Uğurun koordinatorluğu və KGK Azərbaycan təmsilçisi Elşad Eyvazlının evsahibliyi ilə baş tutan bu Azərbaycan səfəri son dərəcə faydalı oldu.
Cabbar ŞİKTAŞ,
“Yeşil İğdır” qəzetinin rəhbəri