Uşaq hüquqları cəmiyyətin gələcəyini qoruyur

post-img

BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin “Uşaq Hüquqları haqqında Konvensiya”ya dair təqdim etdiyi 5-ci və 6-cı birgə dövri məruzəsi üzrə tövsiyə olunmuş məsələlərlə bağlı işçi qrupun cari il üçün ilk iclası keçirilib.

Dəyirmi masada yekun müşahidələrdə konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair verilmiş tövsiyələrin 2024-cü il ərzində icra vəziyyəti təhlil edilib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığlı ilə keçirilən iclasda aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndələr tövsiyələr üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

AQUPDK-nin sədr müavini Aynur Sofiyeva komitənin tövsiyələrinin ölkəmiz tərəfindən icrasına dair həyata keçirilən tədbirləri, əldə olunan nəticələri və qarşıdakı hədəfləri diqqətə çatdırıb. Bildirib ki, ölkənin gələcəyinin uğurlu olması üçün uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və dəyərlərə sadiq, vətənpərvər və milli ruhda tərbiyə olunması vacibdir. Əgər biz gələcəyimizi güclü görmək istəyiriksə, bu gün uşaqlarımıza maksimum diqqət göstərməliyik. Bu istiqamətdə isə işçi qrupun önəmli rolunu nəzərə alaraq, daha real və funksional koordinasiyaya ehtiyac var. 

Son iki ildə əldə olunan nailiyyətlərdən bəhs edən sədr müavini bildirib ki, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb: “Komitə tərəfindən hazırlanmış 10-a yaxın sənəd qəbul olunub. Təhsil və səhiyyə sahəsində inklüzivliyin gücləndirilməsi, erkən və qohumlararası nikahların qarşısının alınması, həssas qrupdan olan uşaqların sosial təminatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”. 

Uşaq hüquqları sahəsində qarşıda duran ən vacib məsələlərdən birinin onları təhlükəli informasiyalardan qorumaq olduğunu vurğulayan sədr müavini bildirib ki, bu istiqamətdə təxirəsalınmaz və vacib addımlar atılmalıdır. Qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlıq və koordinasiyalı fəaliyyət əsas şərtdir. Bu sahədə fəaliyyət göstərən qurumlar və tərəfdaşlarla
güclərimizi birləşdirmək daha effektiv və davamlı nəticələr əldə etməyə imkan yarada bilər. Hüquqları yalnız qanunlarda deyil, həm də ictimai şüurda formalaşdırmaq lazımdır.

Daha sonra AQUPDK-nin uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tövsiyələrin icrası istiqamətində komitə, eləcə də, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib, qarşıda duran mühüm məqamlar şərh edilib.

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva bildirib ki, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”na dair 2027-ci ildə təqdim olunacaq növbəti hesabatın hazırlanmasında illik fəaliyyətlər, eləcə də əvvəlki dövrlərlə müqayisə edilə bilən uzunmüddətli göstəricilər diqqətlə nəzərə alınmalıdır. Məlumatlar dəqiq və konkret faktlara əsaslanmalı, real vəziyyəti əks etdirməlidir. O qeyd edib ki, artıq ənənəvi tədbir formatından nəticəyönümlü layihə formatına keçid vacibdir. 

Sonra qurumunb təşəbbüsü ilə “Uşaqlara uyğun büdcə qiymətləndirmələri və təkmilləşdirilmiş büdcə effektivliyi daxil olmaqla Dövlət uşaq büdcəsinin formalaşdırılması” mövzusunda aparılmış təhlilin təqdimatı keçirilib.

Maliyyə Nazirliyinin Ortamüddətli xərclərin çərçivəsinin hazırlanması mərkəzi maliyyə statistikası və büdcə təsnifatı sektorunun müdiri Elnarə Kazımova və əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunun baş məsləhətçisi Zaur İsmiyev uşaqların rifahının artırılmasına, təhsil, səhiyyə və sosial xidmətlərin təkmilləşdirilməsinə yönəlmiş strategiya və qərar qəbulu üçün əsas rol oynayan büdcə resurslarının bölgüsü, prioritet sahələr, sosial müdafiə proqramları və investisiya istiqamətləri barədə ətraflı məlumat veriblər. 

Dəyirmi masa müzakirələrlə davam edib.

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat