Fövqəladə Hallar Nazirliyi tərəfindən “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin regional mərkəzlərinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.
Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.