Naxçıvan şəhərindəki “Saat meydanı” Turizm İstirahət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmiş II kitab festivalı keçirilir.
Festivala ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab və digər nümunələr çıxarılıb. Alim və pedaqoqlarımız tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, yüzlərlə adda klassik və müasir dünya ədəbiyyatından orijinal dildə və tərcümə olunmuş əsərlər, yerli bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları, uşaqlar üçün əyləncəli öyrənmə vəsaitləri böyükdən-kiçiyə hər kəsin marağını cəlb edir.
Layihəyə qatılan ölkənin 10-a yaxın tanınmış qələm sahibi festival iştirakçıları ilə səmimi söhbət edib, yeni nəşr olunan kitabları barədə məlumat verib, oxucularına imzalı kitablar təqdim ediblər.
İkinci kitab festivalı 3 gün davam edəcək. Festival çərçivəsində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, fləşmob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.
XQ