Xırdalan məktəbliləri Polis Akademiyası ilə tanış oldular

post-img

Abşeron rayonunun Xırdalan şəhər məktəbliləri Daxili İşlər Nazirliyinin  Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirində iştirak ediblər. 8-10-cu sinif şagirdləri  akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik şəhərcik, mühazirə zalları, “Məhkəmə zalı”, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, elektron kitabxana, kursant yeməkxanası, qapalı atıcılıq tiri və krossfit meydançası ilə tanış olublar.

Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və burada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı onların nəzərlərinə çatdırılıb. Məktəblilərin akademiyaya qəbulla bağlı sualları cavablandırılıb. 

“Açıq qapı” tədbirində iştirak edən təhsil məsələləri üzrə ekspert Vüsət Əzizov “Xalq qəzeti”nə deyib ki, Polis Akademiyasında kursantların məişət şəraiti yüksək səviyyədə təmin edilib və təhsilin təşkili isə dünya təcrübəsinə uyğun standartlar əsasında həyata keçirilir: “Açıq havada olan idman meydançaları və qapalı idman zalı lazımi ləvazimat və avadanlıqlarla təmin edilib, ən son texnoloji yeniliklərdən istifadə olunur. Kursantların yüksək səviyyədə təhsil alması və peşəkar polis zabiti kimi yetişməsi üçün digər bütün zəruri şərait yaradılıb. Bütün bunların əyani şəkildə şahidi olduq”.

 

Rizvan FİKRƏTOĞLU

XQ





Sosial həyat