Özbəkistanın qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə II Türk Dünyası Mədəniyyət Forumu və IV Beynəlxalq “Baxşı” festivalı keçirilir.
Dünyanın 40 ölkəsinin təmsilçilərinin, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin, TÜRKSOY-un baş katibi Sultan Rayevin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulovanın, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Surayya Erin iştirak etdiyi forum və festival Türk dünyasının mənəvi birliyinə qardaş ölkələrin verdiyi önəmi əks etdirir.
Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov forumun açılışında üçüncü festivaldan sonra Türk dünyasının mədəni əməkdaşlığı sahəsində görülən işlərdən də danışıb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli isə qeyd edib ki, xalqlarımızın önəmli mədəni dəyərlərindən olan Baxşı sənətinin mötəbər beynəlxalq festival çərçivəsində canlandırılması türk milli kimliyinin qorunması, adət-ənənələrimizin yeni nəslə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. O xatırladıb ki, 2 il əvvəl Türk və İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada ilk dəfə Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. Türk mədəniyyətinin dünəni, bu günü və sabahı konsepsiyası üzərində qurulan bu məclis türk dövlətlərinin mədəni əməkdaşlıq platformasını yaratmışdır.
Sonra Sultan Rayev, Aktota Raimkulova, Şahin Mustafayev, Mehmet Surayya Er və digər şəxslər çıxış edib, Türk dünyası arasında bütün sahələrdə o cümlədən mədəniyyət istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Forum öz işini davam etdirir.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Xivə