Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında təşkil olunmuş “Muzey və mədəni turizm problemləri” mövzusunda XXIII elmi-praktiki konfransda iştirak ediblər. Hər il olduğu kimi, bu il də dəyirmi masaya digər ölkələrin nümayəndələri qatılıb.
Dövlət Ermitajının direktoru M.B.Piotrovski konfransın açılışında qeyd edib ki, muzeyi asudə vaxt üçün bir təsisat kimi nəzərdən keçirmək olmaz. Çünki muzeyin əsasında elm dayanır. O, fikrini aydınlaşdıraraq bildirib ki, ziyarətçilərin bilik və elm səviyyəsini muzeyi dərk edəcək qədər yüksəltmək lazımdır. Bu, son illər muzeylərin qarşısında duran əsas missiyadır.
Məclisə onlayn qoşulan filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Muzeyin COP29 gündəliyi” mövzusunda çıxış edərək dünyanın 32 ölkəsindən Azərbaycana gələn müxtəlif peşə sahiblərinin Nizami adına Muzeyi ziyarət etməsindən bəhs edib, onların milli-mənəvi dəyərlərimizə, xalqımıza olan maraqlarının, sevgilərinin rəylər və təəssüratlar kitabında xatirə olaraq qeyd etdiklərini söyləyib.
Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva isə “80 illik söz məbədi” adlı məruzə ilə çıxış edərək Ədəbiyyat Muzeyinin müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb. Muzeyin binası, yaranma tarixi, ekspozisiya ilə bağlı məlumat verən məruzəçi onun fəaliyyətini 3 mərhələyə bölərək hər dövrün özünəməxsus xüsusiyyətlərini açıqlayıb.
Xədicə ƏLİYEVA,
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi