Xəzər Siyasət Mərkəzinin Məsləhət Şurasının üzvü, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp Azərbaycanın nəqliyyat və logistika sahəsində artan imkanlarının təkcə ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından strateji əhəmiyyətə malik olduğunu bildirib.
AZƏRTAC-a verdiyi xüsusi açıqlamada Ceyms Şarp qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin qurulmasında həlledici mövqe tutur. O, xüsusilə Ələt limanının unikal geostrateji mövqeyinə diqqət çəkərək bildirib: “Bütün bu Orta Dəhliz marşrutları Ələtdə birləşir. Bu səbəbdən, Azərbaycanın Ələti nəqliyyat qovşağı kimi inkişaf etdirməsi son dərəcə vacibdir”.
O əlavə edib ki, Azərbaycanın əhəmiyyəti yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda məhsulun emalı, sənaye və istehsal sahələrinin inkişafı baxımından da böyük potensiala malikdir: “Xammalın sadəcə bir nöqtədən digərinə daşınması kifayət etmir. Sual yaranır: harada emal olunur? Harada əlavə dəyər yaradılır? Ələtin bu baxımdan inkişafı Azərbaycanın yalnız tranzit ölkəsi deyil, həm də sənaye və iqtisadi inkişaf mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır”, – deyə o bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London