Tarix boyu Azərbaycan qadınının cəmiyyətdə rolu yüksək, fəaliyyəti isə geniş olub. Azərbaycan qadını həm ana, həm də görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim kimi hər zaman nümunə sərgiləyib, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Cəmiyyətdə yüksək fəaliyyətləri ilə alqış qazanan Azərbaycan qadınının istər döyüş, hünər, elm meydanında, istərsə də diplomatik masada fəaliyyəti təqdir olunub.
Səsi-sorağı dünyaya yayılan qadınlarımız xalqımızın milli sərvəti kimi hər zaman qürur yerimizdir.
Yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən akademik Zərifə xanım Əliyeva məhz Azərbaycanın qadınının bəşəri obrazıdır.
Şəfalı əlləri ilə insanlara nur bəxş edən, elmimizin zirvəsində dayanan, dərin erudisiyaya malik, peşəkar elmi kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsində xidmətləri danılmazdır.
Azərbaycanda oftalmologiya elminin inkişafına töhfələr verən Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi kimi ölkəmizdə məktəb yaratmağı bacardı. Bununla yanaşı Zərifə xanım həmin zamanlarda Azərbaycanda geniş yayılmış traxomanın, göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində çox sanballı tədqiqatların müəllifi kimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfüz qazandı. Mütərəqqi, fədakar alim, həkim kimi tələbələrinə, ona pənah gətirən xəstələrə analıq qayğısı göstərərək şəfqət, mərhəmət ünvanı oldu.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev Zərifə xanımın fəaliyyətini belə şərh edirdi:
“Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...”.
Elm sahəsində yüksək ixtiraları ilə qətiyyətli bir alim kimi özünü təsdiq edən Zərifə xanım həm də sadə, mehriban, övladlarını dərin məhəbbətlə sevən bir ana kimi yaddaşlara həkk olub. Tibb elminin inkişafında bir çox uğurlara imza atmış bu zərif qəlbli xanım ömrünün sonunadək sadəliyi və insanpərvərliyi ilə hər kəsin sevgisini qazanmışdır. Məhz bu səbəbdən Zərifə xanımın adı çəkilərkən gözlərimiz nurlanır, işıqlanır və milyonların qəlbində taxt quran, milli və bəşəri dəyərləri öz xarakterində cəmləşdirən ziyalı kimi sonsuz sevgi ilə xatırlanır. Çünki oftalmoloq həkim kimi akademik Zərifə xanım bütün fəaliyyətini qaranlığa qarşı mübarizəyə, insanlığın qorunmasına həsr edib. Məhz bu yüksək keyfiyyətlərinə, xeyirxahlığına görə Zərifə xanım cəmiyyətdə böyük nüfuz qazanıb.
Zərifə xanım iki yüz illik tariximizdə ilkə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək ümumxalq fenomeni olmuş Ali Baş Komandan, qalib sərkərdə, Prezident İlham Əliyevin anasıdır. Bu tarixi qələbə Zərifə xanımın ana kimi ulu tərbiyəsinin nəticəsidir. Onun ana kimi övladına verdiyi vətənpərvərlik tərbiyəsinin nəticəsi olaraq bütövləşən ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Azərbaycan qadınına məxsus bütün milli, vətənpərvərlik xüsusiyyətlərini özündə birləşdirən Zərifə xanım Əliyeva məhz xalqımıza qalib sərkərdə bəxş edib.
Məhz bu baxımdan Zərifə xanım ziyalı, alim, ana kimi hər zaman sevgi ilə xatırlanır və sevilir. Böyük ziyalı ömrü yaşayan Zərifə xanımın mənalı ömür yolu hamımız üçün örnəkdir. Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, hər zaman qəlbimizdədir.
Azərbaycan xalqı dünyaya xanım örnəyi olaraq bəxş etdiyi bu şəxsiyyətinin ruhunu hər zaman ehtiramla yad edəcək.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti