“Ölüm səddi”ni yaran döyüşün kəşfiyyatçısı

post-img

Müharibə cəsarət və qəhrəmanlıqla yanaşı, həm də itkilər, kədər və ağrılarla xatırlanır. Şəhidlərlə bərabər, neçə-neçə ümid, arzu, sevgi də torpağa dəfn edilir. Vətən müharibəsində qələbə qazanan xalqımızın itkiləri də oldu. Raul kimi neçə-neçə cavanımız şəhadətə qovuşdu.

Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Bakıda tam orta məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Texniki Universitetində dəmiryolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasına yiyələnib. Sonra hərbi xidmətə yollanıb. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib. Nümunəvi xidmətinə görə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunub və Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Raul 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb.

Şəhidimizin atası Zabid Piriyev oğlunu nümunəvi bir döyüşçü kimi xarakterizə edir:

– Onda Vətənə elə böyük bağlılıq var idi ki, xəbərimiz olmadan ərizə yazaraq, könülü surətdə xüsusi təyinatlıların sırasına qoşulur. Ali təhsilli şəxslər 1 il xidmət etdiyi üçün xüsusi təyinatlılarda xidmət etmək elə də uyğun sayılmır. Raul onların sırasına qoşulmaq üçün diplomunun olmasını belə gizli saxlayır.

Onun evə qayıtmasına 2-3 qalmış – sentyabrın 27-də müharibə başlayanda yenə də könüllü ərizə yazaraq döyüşlərdə iştirak etmək istəyini önə çəkir. Oğlum Murovdağın, Füzulinin və Cəbrayılın işğaldan azad edilməsində iştirak edir, “Ohanyan səddi” alınan zaman övladım şəhid olaraq bir neçə gün neytral zonada qalır. Onu oktyabrın 15-də Maştağadakı Şəhidlər xiyabanında dəfn etmişik.

Sentyabrın 27-dən oktyabrın 4-nə kimi az müddət olsa da, oğlumun göstərdiyi qəhrəmanlıqdan əsgər yoldaşları, komandirləri elə heyrətlə danışırlar ki, qürur hissi keçirirəm. Raul kimi minlərlə şəhid oğulların hamısı bizim balalarımızdır. Onlar bizi illərin həsrətindən, xəcalətindən qurtardılar. İnsanda torpağa necə də yüksək sevgi olarmış! Zəngləşəndə məni arxayın salırdı, heç nəyə görə narahat olmamağımı istəyirdi. Deyirdi ki, az qaldı, Qarabağ bizim olacaq. Raul bizə bu xoş günləri bağışlamaq üçün beləcə canından keçdi. Bilirsiniz, şəhid atası olmaq elə bir hissdir ki, bu, hər kəsə nəsib olmur. Şəhidlik isə Tanrı mükafatıdır. Mən hələ qaşqabaqlı şəhid görməmişəm. Hamısı nur üzlüdür, gözləri gülür. Vətən sevgisi təməldən, ruhdan, qandan gəlir. Bu olmasa, şəhidlik də olmaz.

Raulun anası Nəcibə Piriyeva onun uşaqlıqdan dərrakəli, geniş düşüncəli olduğunu söyləyir:

– Fikir və düşüncələrinə görə yaşından böyük idi. O, evə girəndə ab-havadan hiss edirdi ki, vəziyyət nə yerdədir. Bərkdən gülməzdi, ciddi idi. Üzündən təbəssüm də əskik olmazdı. Biz dost kimi idik, sirrini mənimlə bölüşürdü. Hər valideynə elə övlad qismət olmur. Dindirməsən, səsi gəlmirdi, danışmırdı.

Universitetə qəbul olduqdan 6 ay sonra bizdən xəbərsiz “McDonald's”ın Gənclik filialında işə başlamışdı. Dərsdən sonra uşaqlar gəzməyə, əyləncəyə gedirdi, o isə işə. Biz bunu biləndən sonra işləməsinə etiraz etdik, o isə işləyərək xərclərini qarşılamaqda israrlı idi. Heç vaxt bizdən cibxərcliyi istəməyib. Dərslərini yaxşı oxuyurdu. “McDonald's”da da ən yaxşı işçi kimi tanınırdı. Raul hərbiyə gedəndən sonra qardaşı Natiqi orada işləməyə yönləndirmişdi. Natiq danışır ki, Raul orada necə hörmət qazanıbsa, onun başına pərvanə kimi dolanıblar, yüksək dəyər veriblər.

Oğlumla fəxr edirəm. Mən onu şəhid olandan sonra daha yaxşı tanıdım. Təsəllimiz odur ki, övladlarımız qəhrəman kimi şəhid olublar. Bizə məktəblilər gəlir, maraqlanır, tanımaq istəyirlər. Bu bizə dünyanı bağışlamaqdır. Analar şəhid övladından ürəklə danışırlar, sanki hamısı seçilmişlərdəndir, xatakterləri bir-birinə yaxındır. Elə bil, bir ana doğub hamısını. O hələ əsgərliyə getməmiş xüsusi təyinatlılarda xidmət etmək istəyirdi. Bilirdim ki, ora çətindir. Raulu Ağcabədidə andiçməsində görmüşdük. Bir müddət sonra zəng elədi ki, xidmət yerim dəyişilib, Cəlilabada göndərilmişəm. Mən onda bildim ki, Raul xüsusi təyinatlıların sırasına daxil olub. Danışanda ona narazılığımızı bildirsək də, dedi ki, xüsusi təyinatlılarda xidmət etmək arzum olub, mən bu qoşunlara çox bağlıyam. Ara-sıra telefon danışıqlarımız olardı, qoymazdı yanına gedək. İstəmirdi uzaq yola çıxaq, əziyyət çəkək. Digər tərəfdən COVİD-19 xəstəliyinin artması, məhdudiyyətlər də imkan vermədi Raulu doyunca görək.

Zabid Piriyev dedi ki, həm pandemiya, həm də təlimlərə görə oğlu məzuniyyətdən də imtina etmişdi:

– Döyüş yoldaşları, komandirləri onun dəfninə gəlmişdilər. Onlara sual etdim ki, 1 ilin əsgərini niyə müharibəyə, ön cəbhəyə buraxdınız? Onlardan rütbəcə böyük olanı dedi ki, sizin 1 ilin əsgəri dediyiniz Raul neçə-neçə erməni öldürüb, illərin təcrübəli hərbçiləri qədər şücaət göstərib. Əlavə etdi ki, xüsusi təyinatlılarda 1 ilin əsgəri döyüşə tam hazır olur.

Son sözüm budur ki, Allah dövlətimizi qorusun, Azərbaycanın başı uca olsun!

Raul Piriyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında yüksək iştirakına, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat