Aprelin 1-də İkinci Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri - Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov və polkovnik-leytenant Sədi Musayevin doğum günləri münasibətilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimlərdə nazirliyin bir qrup zabiti, Qubadlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, məktəblilər və digər qonaqlar iştirak ediblər.
Şəhid zabitlərin məzarları ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirələri ehtiramla yad olunub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərin şərəfli həyat və döyüş yollarından, Vətənə qüsursuz xidmətlərindən, Vətən müharibəsi zamanı göstərdikləri şücaət və igidliklərdən danışıblar.
Hər iki şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.