Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.Yaşasaydı 50 yaşını əsgərləri, silahdaşları ilə yəqin ki, Qubadlıda qeyd edəcəkdi.
Xalq şairi Səməd Vurğunun “Ölüm sevinməsin qoy” şerini kədərlə xatırladım:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
-Bəli, Şükür Həmidov Vətəni hər şeydən artıq sevdi,onun yolunda canını fəda etdi. 50 yaş nədir ki, ay igid! Sən Azərbaycan boyda torpağın əbədiyaşar qəhrəmanısan. Bu xalq səni zaman-zaman yaşadacaq. Şükür Həmidov 2020-ci il oktyabrın 22-də Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Atası Nəriman kişiyə söz vermişdi: ”Qubadlını yağı düşməndən azad edəcəyəm”. Şükür verdiyi sözünə canı bahasına nail oldu və Qubadlının Mahmudlu kəndində şəhidlik məqamına ucaldı. Şükür Həmidov elə bir döyüşçü idi ki, sağlığında qəhrəmanlıq zirvəsini fəth etmişdi. 2016-cı ilin aprel döyüşlərində Şükür Həmidovun adı dillər əzbəri olmuşdu. Onun cəngavər kimi əsgərləri ilə birgə Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması zamanı xüsusi döyüş bacarığı göstərməsi bütün Azərbaycana səs saldı. Peşəkar hərbçi Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Şükür Həmidov Azərbaycanın hərb tarixinə öz imzasını qəhrəmanlığı, şücaəti ilə yazdı.
Şükür 1975-ci il aprelin 1-də Qubadlının Armudlu kəndində doğulmuşdu. Uşaqlığı, yeniyetmə çağları Qubadlıda keçmişdi. Ömrünün bahar fəslində - gənclik illərində ailəsi ilə birgə qaçqınlıq, didərginlik faciəsini yaşamışdı.Vətən həsrəti göynədirdi onu.
Düşmənə nifrət hissi Şükürü Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparmışdı. Sonrakı təhsil illərində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərb sənətinin incəliklərini öyrənən Şükür Həmidov Azərbaycanın yüksək ixtisaslı hərbçisi statusunu qazanmışdı. Qazandığı bilik və təcrübəni xalqımıza və dövlətimizə sərf edirdi.
İkinci Qarabağ müharibəsi başlayanda bu qorxmaz hərbçinin düşmənin bağrını dəlməsi barədə xəbərləri çox eşidirdik. Cəbrayıl, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə qalibiyyət qazanan komandirlərdən biri olan Şükür Həmidov doğulduğu Qubadlı torpağında şəhid oldu. Bəlkə də, bu bir tale yazısı idi...
Şükür Qubadlının fəxri idi. Hamı onunla fəxr edirdi.Xüsusilə atası Nəriman kişi Vətənə belə qəhrəman oğul böyütdüyünə görə qürur hissi keçirirdi. Çox təəssüf ki, Şükür Həmidovun atası Nəriman müəllim oğlunun ayrılığına dözə bilmədi və o da haqqın dərgahına qovuşdu. Şükür Həmidov Qubadlının quruculuğunu, xoşbəxt günlərini görə bilmədi. Amma Qubadlı camaatı Nəriman müəllimin oğlu Şükürün qəhrəmanlığını zaman-zaman gələcək nəsillərə çatdıracaq. İnanırıq ki, Şükürün doğulduğu torpaqda onun kimi cəngavər nər oğullar böyüyəcək. Onda Şükürün də ruhu şad olacaq. Vətəni, torpağı canından çox sevən, qanını müqəddəs torpaqlarımıza halal edən Şükür Həmidovun ölməzliyi - əbədiyaşarlığı qarşısında baş əyirik. Vətən sağ olsun!
Kəmalə ABDİNOVA
XQ