Hyustonda müsəlmanlar bir yerə toplanıb

post-img

ABŞ-nin Texas ştatının Hyuston şəhərində müsəlman icması Ramazan ayı münasibətilə bir yerə toplanıb.

Tədbir Hyuston meriyası ilə Qardaş Şəhərlər Assosiasiyalarının əməkdaşlığı çərçivəsində “Bayou City” Tədbir Mərkəzində baş tutub. 2000-dən çox adamın qatıldığı tədbirdə Hyuston şəhər meri Con Vitmayer (John Whitmire), icma rəhbərləri, ictimai-siyasi xadimlər, iş adamları, diplomatlar, yüksək rütbəli dövlət məmurları iştirak ediblər.

Azərbaycan icmasını tədbirdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası təmsil edib. Assosiasiyanın  rəhbəri  İradə Axundova da iftar süfrəsinə qatılanlar sırasında yer alıb.

Hyuston meri tədbir iştirakçısı qardaşlaşmış şəhər assosiasiyalarına  bəyannamə təqdim edib. Bəyannamədə qeyd olunub ki, Hyustonun multikulturalizm modelinin əsası qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində sülhün bərqərar olmasıdır. Bu baxımdan  tədbirin sivilizasiyalarası dialoqun inkişafına mühüm töhfələr verəcəyi  diqqətə çatdırılıb.

Sonra Texas qubernatoru Qreq Abbottun Amerika müsəlmanlarına videomesaj vasitəsilə təbriki  yayımlanıb.

Çıxışçılar tədbirin dinlərarası harmoniya baxımından əhəmiyyətini vurğulayaraq dözümlülük və birliyi təcəssüm etdirdiyini bildiriblər.

Mer Con Vitmayer və konqresmen Al Qrin tədbirin təşkilatçılarına təşəkkür sertifikatları təqdim edib. Qonaqlar tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.















Sosial həyat