Martın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda bələdiyyə üzvləri üçün təlim keçirilib. “Yeni tərkibdə formalaşan bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə dair qanunvericiliyin tələbləri” mövzusunda təşkil olunan təlimdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan bələdiyyə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Daha sonra Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Allahyarov və Bələdiyyələrlə iş şöbəsinin böyük məsləhətçisi Təbriz Eyvazlı “Yerli özünüidarəetmənin həyata keçirilməsində bələdiyyə üzvlərinin vəzifələri və məsuliyyəti” mövzusunda çıxış ediblər.
Tədbirdə vurğulanıb ki, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirmə və qanunvericiliyə uyğun fəaliyyətin təşkili istiqamətində mütəmadi tədbirlər görür. Bu tədbirlər bələdiyyə fəaliyyətinin inkişafına və dövlət-vətəndaş maraqlarının qorunmasına xidmət edir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli” mövzusunda onlayn seminar da təşkil olunub. Baş İdarənin rəis müavini Mehdi Abdullayev, Analitik təhlil və metodoloji yardım şöbəsinin rəisi Ceyhun Əkbərli və İnzibati nəzarət idarəsinin baş məsləhətçisi Səfa Cəfərov bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər barədə ətraflı məlumat veriblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
XQ