Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniya Krallığında yaşayan Azərbaycan icması ilə görüşüb.
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın moderatorluğu ilə keçirilən görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
“Bu gün Azərbaycan dövləti diasporun inkişafına yeni konseptual yanaşma ortaya qoyub və bununla da nümunəvi model yaradıb. Dövlətimizin diaspora yanaşması onun daha da güclənməsinə hesablanıb”. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyada yaşayan azərbaycanlılarla keçirilən görüş zamanı deyib. Komitə sədri çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəlməsinə, diasporumuzun Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət göstərməsinə diqqət çəkib.
Toplantıda Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili iştirak edib.
Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələrlə bağlı videotəqdimat keçirilib.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov AKŞ-nin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsinin önəmini vurğulayıb.
Daha sonra diasporun inkişafı, strateji təşəbbüslərin dəstəklənməsi, icmalaşma prosesinin gücləndirilməsi və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
İcma görüşü İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısının keçirilməsi ilə davam edib.
Koordinasiya Şurasının fəaliyyətinə dair hesabat dinlənilib, qazanılan uğurlar və həyata keçirilən layihələr geniş müzakirə olunub.
Görüşdə İspaniyanın müxtəlif şəhər və regionlarında, o cümlədən Barselona, Bilbao, Madrid, Valensiya, Alikante və digər şəhərlərində, həmçinin Portuqaliyada yaşayan soydaşlarımız iştirak edib. İcma görüşünə 120-dən çox soydaşımız qatılıb və onların arasında Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçıları da olub.
Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi, Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının İspaniya üzrə koordinatoru, Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Milana Seyidzadə isə Portuqaliya üzrə koordinatoru seçilib.