Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Uşaqların icbari dispanserizasiyası çərçivəsində 2025-ci ilin yanvar-fevral aylarında Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 125 min 357 uşaq ilkin müayinələrə cəlb olunub.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin 31 orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və digər ixtisaslı mütəxəssislər iştirak ediblər.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək, geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə davam etdirilir.