Fransa Seneqaldan qoşunların çıxarılması prosesinə başlayarkən iki hərbi bazanın nəzarətini bu Qərbi Afrika ölkəsinə verir.
AZƏRTAC “euronews”a istinadla xəbər verir ki, bazaların təhvil verilməsi Seneqal Prezidenti Bassiru Diomai Fayenin keçən ilin sonunda bütün xarici qoşunların ölkəni tərk etməli olduğunu elan etməsindən sonra baş verib.
Fransanın Seneqaldakı səfirliyinin bəyanatında deyilir: “Fransa tərəfi 7 mart 2025-ci il cümə günü Mareşal və Sent-Ekzüperi bölgələrindəki obyektləri və yaşayış yerlərini seneqallılara təhvil verib”. Hann Parkına bitişik olan bu ərazilər 2024-cü ilin yayından geri qaytarılmağa hazır idi, yalnız 200 fransız əsgəri hələ də Dakarın Ouakam bölgəsindəki əsas bazadadır.
Qalan iki bazanın taleyi hələ də müzakirə olunur.
Ötən ay Paris qoşunların çıxarılmasını təşkil etmək üçün Dakarla birgə komissiya yaradıb. Fransa ordusu bu yaxınlarda ölkədəki hərbi bazalarda çalışan 162 seneqallının işdən çıxarıldığını elan edib.
Seneqalın yeni millətçi hökuməti müstəmləkə idarəçiliyinin irsini aradan qaldırmaq üçün daha geniş regional mübarizənin bir hissəsi olaraq fransız qoşunlarının mövcudluğuna qarşı sərt mövqe tutdu.
Qarşılıqlı razılığa əsasən, fransız qoşunlarının çıxarılması bir il ərzində başa çatdırılmalıdır.
Paris son illərdə qitədə, xüsusən də onun qərb hissəsində hərbi mövcudluğunda çoxlu uğursuzluqlar yaşayıb. Çad, Niger və Burkina Faso son vaxtlar Fransa qoşunlarının çıxarılması üçün təzyiq edən ölkələr sırasındadır. Qitə ölkələrini nankorluqda ittiham edən prezident Makronla Afrika dövlətlərinin yeni liderləri arasında xoşagəlməz fikir mübadiləsi bu prosesi sürətləndirib.
Fransa Seneqaldakı 350 hərbçi də daxil olmaqla, Afrikadakı bütün bazalarında mövcudluğunu kəskin azaltmağı planlaşdırdığını bildirib. Cibuti bu məsələdə istisna təşkil edir. Rəsmi Parisə görə, o, bunun əvəzinə hər bir ölkənin ehtiyaclarına uyğun şəkildə təlim və ya məqsədyönlü hərbi dəstək verə bilər.