Türkiyəli xanımların Dünya qadınlarına 8 Mart töhfəsi
Türkiyəli xanımlar 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində dünya ölkələrindəki qız, gəlin, analar üçün 75 milyon gül göndəriblər. Güllər həm təzə və ətirlidirlər, həm də çeşidləri rəngarəngdir. Aralarında qızılgüllər və qərənfillər daha çoxdur.
“Anadolu” agentliyinin bu barədə xəbərində belə bir fakt da qeyd olunur ki, planetimizdə bu il ötən illə müqayisədə türk çiçəklərinə tələbat 10 faiz artıb. Bu, beynəlxalq bayram ərəfəsində ata, qardaş və bəylərin, eləcə də iş yoldaşların analara, qız-gəlinlərə, xanımlara gül hədiyyə etmə adətinin populyarlığının artmasının göstəricidir.
Qeyd edək ki, Türkiyədə hazırda gül istehsalı sektorunda çalışanların 80 faizindən çoxunu qadınlar təşkil edirlər. Bəzək Bitkiləri və Məhsulları İxracatçıları Birliyinin rəhbəri İsmayıl Yılmaz deyib: “Qadınlarımız bu günlərdə ölkə üzrə 60 min hektar sahədə yetişdirilən gülləri sevgi və qayğı ilə yığıb qablaşdırırlar. Bu gözəl və tər çiçəklər bütün dünyada qadınlara sevinc və təbəssüm gətirəcək”.
İ.Yılmazın sözlərinə görə, bayram ərəfəsində türk çiçəklərinin əsas idxalçıları Hollandiya, Böyük Britaniya, Almaniya, Bolqarıstan və Rumıniya olub. Hətta Avropanın şərqində 3 ildir davam edən ağır müharibənin fonunda belə Rusiya və Ukraynaya türk gülləri göndərilib. Yeri gəlmişkən, sülhsevər türk qadınları çox arzulayırlar ki, ən azı bu bayram günlərində dünyanın hər yerində, eləcə də Ukrayna və Qəzzada silahlar sussunlar, danışmasınlar. Qoy toplardan, tanklardan alov saçmasın, onların lülələrindən güllər asılsın!
Bu məqamda Azərbaycanın Xalq şairi Rəsul Rzanın aşağıdakı misrasını xatırlamamaq olmur:
“Qoy güllər açılsın, güllələr açılmasın!”
Görkəmli şair sülhsevər insanların munis duyğularını necə də gözəl və dəqiq ifadə edə bilibdir! Ruhu şad olsun!
Biz isə yenidən sözü İ.Yılmaza vermək fikrindəyik. O, həmçinin bildirib ki, hazırda bütün Yer kürəsində insanlar digər hədiyyələrlə nisbətdə getdikcə daha çox diqqət və hörmət rəmzi olaraq gülləri seçir, bahalı, lakin mənasız hədiyyələrdən imtina edirlər. Bəli, güllər ən gözəl hədiyyədir!
“Anadolu” agentliyinin müxbiri qardaş ölkədə gül əkib-becərməklə məşğul olan işçilərin təəssüratlarını öyrənməyə çalışıb. Antalyada 25 ildir ki, bu sahədə çalışan Muazzez Tekeli adlı xanım bu xüsusda deyibdir: “Bir qadın üçün ən gözəl hədiyyə çiçəklərdir. Qoy bizim dünya xanımlarına göndərdiyimiz güllər onların doğmalarına, özlərinə xoş ovqat və xoşbəxtlik bəxş etsin!”
Gülçülük sahəsində 30 illik təcrübəsi olan Durai Yıldız isə rəfiqəsinin fikirlərinə bu sözləri əlavə edib: “Güllər hər bir xanıma gözəllik və enerji gətirir”.
Yeri gəlmişkən, “Anadolu” agentliyinin müxbirinin hazırladığı bu xəbər fotolar və videoçarxla müşayiət olunub.
Sonda bildirək ki, dünyanın bu qarışıq dönəmində türk xanımlarının planetimizin müxtəlif guşələrinə göndərdiyi rəngarəng güllər onların həm də Yer kürəsində sülhə, əmin-amanlığa, sabitliyə çağırışıdır.
M.HACIXANLI
XQ