Dünən səhər saatlarında yenə də Sumqayıt–Bakı istiqamətində hərəkət edən sürətli elektrik qatarında texniki nasazlıq qeydə alınıb. Həmin qatarda olan əməkdaşlarımız xəbər verirlər ki, saat 08:55-də Sumqayıt dəmir yolu stansiyasından hərəkətə başlayan Sumqayıt–Xırdalan–Bakı qatarı 09:35-də son ünvana çatmalı idi. Lakin 09:22-də Biləcəri stansiyasında dayanan qatar orada xeyli ləngiyib.
Maşinist sərnişinlərə bunun texniki səbəblər üzündən baş verdiyini elan edib. Daha 10 dəqiqə sonra nasazlıq olduğunu yenidən bildirib və bu dəfə, nəhayət, üzrlü sayılmasını xahiş edib. Beləcə, qatar 38 dəqiqə hərəkətsiz qalıb. İşə, dərsə, həkim qəbuluna tələsən və sair bu kimi qayğıları olan sərnişinlər ictimai nəqliyyat və ya taksi ilə birtəhər gəlib vağzala çataraq (eyni zamanda, vaqonlarda yer az olduğuna görə ayaqüstə getməyi gözə almaqla) qatara minsələr də, problem yaşayıblar. Oturacaq yerlərinin sayı 396 olan 4 vaqona doluşmuş 900–1000 nəfər “texniki səbəb”dən narahatlıq keçirib və əsəbilik, giley-güzar, tənqid qaçılmaz olub. Bəziləri məcburən qatardan düşməli olublar. Qalanlar isə saat 09-35 əvəzinə, 10-13-də Bakı dəmir yolu vağzalına çatıblar.
Bildiyimiz kimi, ölkə üzrə tıxaclarda ən çox vaxt itkisi məhz Bakı–Sumqayıt avtomobil yolunda qeydə alınır. Buna görə də həmin istiqamətdə və geriyə yolçuluq edən bir çox sərnişin sürət qatarının xidmətindən istifadə edir. Gün ərzində dəmir yolu ilə 8-10 min sərnişin daşınır. O da ki, belə!.. Necə deyərlər, 3 gündənbir–5 gündənbir qatarla sərnişin daşınmasında belə hallar baş verir (Onu da deyək ki, metrodan fərqli olaraq, şəhərətrafı qatarlarda şəbəkənin kəsilməsi üzündən “Wi-Fi”dan istifadə etmək də mümkün olmur). Bütün bunlar sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınmasına kölgə salır. Təbii olaraq, bəziləri sosial şəbəkələr, həmin qatarların gündəlik sərnişini olan əməkdaşlarımız isə qəzetimiz vasitəsilə bu nöqsanları ictimailəşdirirlər.
P.S: Oxuculara onu da xatırladaq ki, bu il yanvarın 17-də qəzetimizdə dərc olunan “Sürət qatarı beləmi olur?!” adlı replika dərc etmişdik. Həmin yazıda gün ərzində 2 dəfə – səhər və axşam vaqon qapısının açılmaması və bağlanmaması üzündən gecikmə baş verdiyi tənqid olunmuşdu. Müvafiq tədbirlərin görülməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığımız məktuba sədrin 1-ci müavini Əlirza Süleymanovun imzası ilə aldığımız cavabda gecikmənin səbəbi izah edilməklə bərabər, baş redaktordan xahiş olunurdu ki, “qərəzli və yanlış” məlumatlar yayan əməkdaşımız barəsində müvafiq tədbir görülsün. Amma bu növbəti fakt da göstərdi ki, bizim kiminləsə heç bir qərəzimiz yoxdur, sadəcə olaraq, sərnişinlərdə narahatlıq və əsəb gərginliyi yaradan halları nəzərə çatdırırıq ki, qarşısı alınsın. “Müvafiq tədbir”i isə biz yox, müvafiq təşkilatlar görməlidirlər.
XQ