Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib

post-img

Britaniya parlamentinin Lordlar Palatasında "Parlamentdə Azərbaycanın dostları qrupu"nun açılış tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tarixi "Attle" otağında keçirilən ziyafətə uzun illər Britaniya parlamentində Azərbaycan üzrə qrupun üzvü və sədr müavini olmuş Lord David Evans ev sahibliyi edib.

Tədbirə Britaniya parlamentinin İcmalar və Lordlar Palatasının çoxsaylı deputatları, o cümlədən parlamentdə uzun illər fəaliyyət göstərmiş Azərbaycan qrupunun sabiq sədri Bob Blackman iştirak edib. Ziyafətə, həmçinin 2016-2024-cü illərdə Britaniyanın Azərbaycan üzrə ticarət elçisi olmuş Baronessa Nikolson ilə Azərbaycan və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunmuş ticarət elçisi Lord Alderdice qatılıblar. Parlamentarilərlə yanaşı, tədbirdə Britaniya ictimaiyyətində müxtəlif sferalarda çalışan və ölkəmizə dost münasibət bəsləyən digər nümayəndələr də iştirak ediblər.

Ölkəsinin Azərbaycanla onilliklərə dayanan dərin və uğurlu əməkdaşlığından danışan Lord Evans bildirib ki, ötən illər ərzində dəfələrlə Azərbaycanda olub və Azərbaycan xalqına, mədəniyyətinə dərin rəğbət bəsləyir. O, Britaniyanın Azərbaycanda müstəqillikdən bu günədək ən böyük investor olduğunu vurğulayıb, münasibətlərin xüsusiliyinə diqqət çəkib. Lord Evans Britaniya parlamentində yenidən bərpa edilmiş Azərbaycanın dostları qrupuna uğurlar arzulayıb və hər zaman ölkəmizin yanında olduğunu deyib.

Tədbirdə çıxış edən ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan ilə Britaniya arasında çoxillik nümunəvi əməkdaşlığın mövcudluğunu və yeni parlamentdə Azərbaycanın dostları qrupunun yenidən bərqərar edilməsini olduqca sevindirici hesab edib. Ölkələrimiz arasında ötən illər ərzində formalaşmış dərin iqtisadi-ticarət münasibətlərinin bütün sferalara sirayət etməsindən danışan diplomat ötən il Baş nazir Kir Starmerin Bakıda keçirilən COP29 tədbirinin liderlər görüşündə iştirak üçün Azərbaycana səfər etməsinin və Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüş keçirməsinin münasibətlərə daha da təkan verdiyini söyləyib.

Elin Süleymanov COP29-da uğurlu nəticənin əldə olunması istiqamətində töhfəsinə görə Britaniya tərəfinə təşəkkür edib, ölkələrimiz arasında bundan sonra da sıx əməkdaşlığın inkişaf etdiriləcəyinə dair əminliyini bildirib.

Ziyafətin Ramazan ayında keçirilməsini və iftar vaxtına təsadüf etməsini nəzərə alan E.Süleymanov tədbirdə iştirak edən müsəlman deputatları Ramazan ayı münasibətilə təbrik edib. Həmçinin tədbir keçirilən gün Azərbaycanda Od çərşənbəsinin qeyd edildiyini diqqətə çatdıran səfir Novruz ənənələri barədə də qonaqlara məlumat verib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London





Sosial həyat