Ordubad şəhər tam orta internat məktəbində görüş keçirilib

post-img

Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları məktəblilərlə görüş keçirib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxışında dövlətin uşaqlara göstərdiyi qayğıdan danışıb. O bildirib ki, Azərbaycan dövləti daim uşaqların hüquqlarının qorunmasına, onların sağlam inkişafına və hərtərəfli təhsil almasına xüsusi diqqət yetirir.

O, həmçinin vurğulayıb ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasıdır. Bu məqsədlə təhsil müəssisələrində və tərbiyə ocaqlarında uşaqların vətənpərvərlik ruhunda böyüməsinə xüsusi önəm verilir. Uşaqların üzərinə düşən əsas vəzifənin isə təhsilə diqqət yetirmək, bilik və bacarıqlarını artırmaq olduğu qeyd edilib.

Əli Rəhimov Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı sərəncamına da toxunaraq, bunun ölkə üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu qərar milli hüquq sisteminin inkişafına və ölkənin müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Daha sonra internat məktəbinin direktoru Məzahir Xəlilov çıxış edərək bu cür görüşlərin şagirdlər üçün xüsusi önəm daşıdığını qeyd edib. O, gələcəkdə də bu ənənənin davam etdiriləcəyini bildirib.

Görüş zamanı məktəblilər üçün maraqlı oyunlar və konsert proqramı təşkil olunub. Sonda onlara hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

                                                                                           

















Sosial həyat