“Köhnə çamadanlar” tələbələr üçün nümayiş olundu

post-img

Fevralın 26-da “Xəzər” Universitetində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Köhnə çamadanlar” filmi nümayiş olundu.

Müəllim və tələbələrin izlədiyi nümayişdən öncə universitet nümayəndələri və filmin yaradıcı heyət üzvləri çıxış edərək Xocalı qurbanlarını, onların timsalında Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad etdilər.
Bildirildi ki, zorla cəlb olunduğumuz və minlərlə dinc soydaşın əziyyət çəkdiyi müharibə və onun izləri uzun illər yaddaşlardan silinməyəcək.  Sözsüz ki, bu gerçəkliyin ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə yaradıcılığın bütün sahələrində geniş şəkildə əks olunması və gələcək nəsillər ötürülməsi vacib amildir.

Real hekayələr əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi, savaşdan əziyyət çəkən insanların, xüsusən qadın və uşaqların ümumiləşmiş obrazını yaratdığını dedilər.
Ekran işi maraqla izlənildi və nümayişin ardınca  tamaşaçıları maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri  Sevda Sultanova və Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.

Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.











Sosial həyat