27 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusunda konfransın rəsmi hissəsi başa çatıb.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsindən sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə çoxsaylı tədbirlər təşkil olunur, görülən işlərin nəticələri, həmçinin qarşıdakı fəaliyyətlər barədə fikir mübadiləsi aparılır. Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olduğunu xatırladan B.Muradova, Azərbaycanın qısamüddətli müstəqillik tarixinə baxmayaraq, artıq özünün müstəqil siyasi iradəsi, qətiyyətli mövqeyi və hüquqi prinsiplərə əsaslanan fəaliyyəti ilə seçildiyini qeyd edib. Bugünkü müstəqil Azərbaycan dövlətinin xalqımızın ən böyük sərvəti və nailiyyəti olduğunu vurğulayan Komitə sədri, ölkəmizin dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq, dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini deyib.
Bütün proseslərdə bərabərlik və dayanıqlılığın önəmini qeyd edən B.Muradova, qadınların kişilərlə bərabər məsuliyyət və cavabdehlik daşımasının, eləcə də töhfə verə bilməsinin əhəmiyyətini qeyd edib. Dövlət Komitəsinin təşəbbüsü ilə çoxsaylı qanunvericilik aktlarının Milli Məclisə təqdim edildiyini deyən B.Muradova əlavə edib ki, layihələrin çoxu artıq qəbul olunub: “Bu qanunların qəbulu ilə gender bərabərliyinin təmin olunmasına cavabdeh olan bütün qurumların bu və ya digər sahədə fəaliyyətində yeni istiqamətlər yaranır və biz həmin istiqamətlər üzrə fəaliyyətimizi davam etdirəcəyik”.
Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövrü hakimiyyəti dönəmlərinə mərhələli şəkildə ekskurs edib. Deputat, müstəqilliyimizin bərpasının ilk illərində Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə hüquqi əsasların yaradılması, konstitusiyamızın qəbul edilməsi prosesindəki böyük rolunu qeyd edib. Ə.Hüseynli, bir sıra tarixi faktları diqqətə çatdırıb, konstitusiyada əksini tapmış müddəaların, eləcə də hüquq və azadlıqların ölkənin inkişafı və xalqın rifahı üçün vacib bir əsas olduğunu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq aləmdə tanınmasına böyük töhfə verdiyini vurğulayıb. Azərbaycan qadınının tarixən bütün Şərq, müsəlman aləmindəki üstün mövqeyindən söz açan deputat, Heydər Əliyevin rəhbərliyi etdiyi tarixi dövrdə də qadınlarımızın dövlət quruculuğunun ən aktiv iştirakçılarından birinə çevrildiyini deyib.
Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, xalqımızın əsrlər boyu təşəkkül tapmış milli-mənəvi dəyərlərinin, zəngin mənəvi-əxlaqi sərvətlərinin, dövlətçilik ənənələrinin formalaşmasında və qorunub saxlanılmasında qadınlarımızın böyük xidmətlərindən danışıb. O qeyd edib ki, müasir Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub və qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili daim diqqətdə saxlanılıb. Hazırda bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyi və ictimai-siyasi həyatda qadın iştirakçılığının daha da gücləndirildiyi vurğulanıb.
S.Məmmədov, müasir ölkəmizdə qadın hərəkatının lideri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin nüfuzunun daha da yüksəldilməsində misilsiz fəaliyyətinə diqqət çəkib, onun Azərbaycan reallıqlarının, mədəniyyətinin dünyada təbliği sahəsində gördüyü işləri əsl örnək, dövlətimizə, Vətənimizə nümunəvi xidmətin bariz göstəricisi adlandırıb. AHİK sədri, təmsil etdiyi qurumun qadınların gücləndirilməsi və dəstəklənməsi istiqamətində fəaliyyəti və gördüyü işlər haqqında məlumat verərək, hazırda həmkarlar ittifaqlarında ümumi üzvlərin 52,3 faizinin qadınlar olduğunu diqqətə çatdırıb.