BVF missiyası sosial islahatlarla tanış olub

post-img

Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub. Anna Bordonun başçılıq etdiyi heyət ilə görüşdə nazir Sahil Babayev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Missiyaya əməkhaqlarında mütəmadi artımların təmin edildiyi, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə artım olduğu bildirilib. Əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası vurğulanıb. Fəal məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq proqramları diqqətə çatdırılıb. İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması, peşə və ixtisas standartlarının hazırlanaraq təsdiqlənməsi sahələrində atılan addımlardan da bəhs olunub. Söhbət zamanı mühüm innovativ uğurlardan olan və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri qeyd edilib. Qonaqlara pensiya artımları, pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar, fevralın 1-dən ölkəmizdə minimum pensiyanın növbəti dəfə artırılacağı diqqətə çatdırılıb.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

 

Sosial həyat