2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9,8 trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur.
Bununla bağlı hesabatda Azərbaycan daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn, Braziliya, Almaniya, Malayziya, Ruanda və Ukrayna).
Sözügedən hesabatda “ASAN xidmət” modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub. Həmçinin “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir.
Bundan əlavə, “ASAN Viza” sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.
Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyətinə də yer verilir.