Xətai rayonunda fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb

post-img

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev  178A ünvanında yerləşən fiziki şəxs Salmanov Azər Yolçu oğluna məxsus “Ləziz” dönərxanasında planlı yoxlama həyata keçirilib.

Yoxlama zamanı bişmiş mal əti dönərindən götürülmüş nümunələr laborator sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən məhsulun qida təhlükəsizliyi sahəsində tələblərə cavab vermədiyi məlum olub.

Həmçinin yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, havalandırma sistemlərinin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, ayrıca yuma sahələrinin ayrılmadığı, soyuducuların rəflərinin korroziyaya uğradığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçilərin gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.     

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub. Eyni zamanda sahibkar barəsində inzibati protokol tərtib edilib. 







Sosial həyat