İli necə qarşılasan, elə də yola salarsan

post-img

Dünyada Yeni ilin əsas gecəsini necə qeyd edirlər?

Yeni il müxtəlif xalqlar üçün ənənəvi bayrama çevrilib. Belə deyirlər ki, ili necə qarşılasan, elə də yola salarsan. Bu bayramın yaranmasının, ən azı, 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Hazırda dünyanın bəzi xalqları zamanı ay-günəş təqvimilə hesabladıqlarından onların bəziləri üçün Yeni ilin başlanğıcı payıza, bəziləri üçün qışa və ya yaza düşür.

Yeni ilin yanvarın 1-dən başlaması Roma imperatoru Yuli Sezarın adı ilə bağlıdır. Eramızdan əvvəl 46-cı ildə Yuli Sezar bu barədə qərar qəbul edib və onun şərəfinə adlanan Yuli təqvimi bütün Avropaya yayılıb. Ancaq Yuli təqviminin bütün Avropada yayılmasına rəğmən, heç də hamı Yeni ili yanvarın 1-dən qeyd etmirdi. Məsələn, 755-ci ilə qədər Fransada Yeni ilin başlandığı gün kimi dekabrın 25-i qeyd olunurdu. Daha sonra bu tarix martın 1-nə keçirildi. XII əsrdən isə Pasxa bayramının ilk günü həm də Yeni ilin başlanğıcı sayılırdı. Yalnız 1564-cü ildə IX Karlın göstərişi ilə Yeni il yanvarın 1-dən qeyd olunmağa başladı. Almaniyada XVI əsrin ortalarından İngiltərədə XVIII əsrdə Yeni il həmin gün qeyd olunur. Rusiyada da bayram uzun müddət martın sonlarında və ya Müqəddəs Pasxa bayramının başladığı günlərdə qeyd olunub. 1492-ci ildə isə knyaz III İohan Yeni ilin sentyabrın 1-dən başlanmasına dair qərar qəbul etdi. Bu ənənə 1698-ci ilə qədər çəkdi. 1699-cu ildə ruslar Yeni ili dekabrın 15-də qeyd etdilər. 1700-cü ildə Böyük Pyotr Yeni ilin Avropada olduğu kimi, yanvarın 1-də qeyd olunması barədə sərəncam verdi.

Bəs müxtəlif ölkələrdə ilin əsas gecəsini necə qeyd edirlər? Müxtəlif qitələrdə yaşayan insanlar hansı ənənələrə riayət edirlər?

Yaponiya

Yaponiyada bəzi Yeni il ənənələri digər ölkələrdəkinə oxşayır. Məsələn, Gündoğan ölkədə də bayramı yeni paltarda qeyd edirlər, bu, sağlamlıq və uğur vəd edir. Onların öz müqəddəs ağacları da var. Yolka rolunu Yaponiyada motiban ağacı oynayır. Şam ağacının budaqları ilə giriş qapısını bəzəyirlər. Daha varlı yaponlar cırtdan şam ağacı, bambuk qələmi, kiçik gavalı və ya şaftalı ağacı alırlar.

Yeni il yeməkləri isə bizim yeməklərdən çox fərqlənir. Yaponiyada yeni il masasına “Paytaxt salatı” əvəzinə, ilk növbədə, əriştə, çəltik, sazan balığı və lobya qoyulur. Bunlar uzun ömürlüyün, bərəkətin, gücün və sağlamlığın simvollarıdır. Yaponların öz saatları da var. Yeni ilin gəlişi 108 zəng zərbəsi ilə bildirilir. İnanclara , zəng səsi insanın qüsurlarını aradan qaldırır, deməli, onu eşidənlər yeni ildə bir az da yaxşı olacaqlar.

Qeyd edək ki, Yaponiyada Yeni il bayramı "şoqatsu" adlanır və yanvarın 1-dən 3-nə qədər qeyd olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu özlərinə və qohumlarına dualar etmək üçün "Sinto" adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş çəkirlər. Sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif yeməklər, içkilər düzürlər, birlikdə bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi yeməklərdən biri düyü böyrəyidir. Bu yemək uzunömürlüyün simvolu hesab olunur.

Rusiya

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənə 3 əsrdən çoxdur ki davam edir. Ağac bəzəmək də o vaxtdan dəbdədir. Yeni il gecəsi süfrəyə müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz potası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Bayram qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacaq atılır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.

Milad küknarını qurmaq ənənəsi Rusiyada yalnız XIX-cu əsrin 20-ci illərində Peterburq almanları tərəfindən yayılıb. İlk dəfə Milad bayramı küknarla imperator ailəsində açıq qeyd edilməyə başlanıb. Birinci Nikolayın dövründə Qış sarayında hər il imperatorun uşaqları, qardaşı və bacısı uşaqları üçün küknar və hədiyyələrlə dolu bayramlar keçirilməyə başlanıb.

Daha sonra bu ənənə Peterburq zadəganları arasında yayılmağa başladı. Hətta Jukovskinin Puşkinə ünvanladığı məktubunda da deyilir: "Şənbə günü yolka olacaq". Bu zamanlar Milad ağacı Rusiyanın evlərində çox nadir hal idi, lakin dəbli yenilik kimi sürətlə populyarlıq qazanırdı və 1840-cı illərin sonlarından Peterburq bazarlarında küknar ağacı satılmağa başladı.

Böyük Britaniya

İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə maraqlı oyuncaqlar, maskalar, hava şarları satılır. İngilis nağıllarının süjetləri əsasında uşaqlar üçün tamaşalar hazırlanır. Yeni ildə təbrik açıqcalarının mübadiləsi adəti məhz İngiltərədə yaranıb. İlk açıqca 1843-cü ildə Londonda çap olunub.

Yatmazdan əvvəl uşaqlar Şaxta babanın (Santa Klaus) onlara gətirəcəyi hədiyyələr üçün stolun üstünə boşqab qoyurlar. Bayram günü evdə ideal təmizliyə önəm verilir. Evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Zəng yeni ilin gəlişindən xəbər verir. Düzdür, o, gecə yarısından bir az əvvəl çalınır, lakin onun səsi çox zəif olur. Düz saat 12-də zənglər Yeni il şərəfinə yüksək səslə çalınır. Saat 12-ni vurduqda köhnə ili buraxmaq üçün evin arxa qapısı, saatın son vuruşu ilə isə yeni ilə girmək üçün ön qapı açılır. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər, çünki pudinqin içərisində yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə pisi düşür. Klassik britaniyalı bayram süfrəsində kartoflu hinduşka, sous, şirniyyatlar və bişmiş Brüssel kələmi də olur.

***

Şotlandiyada Yeni il bayramı “Hogmany” adlanır. Küçələrdə bayram Robert Bernsin sözlərinə yazılmış Şotlandiya mahnısı ilə qeyd olunur. Adətə görə, Yeni il gecəsi çəlləkdə qətran yandırılır və onu bütün küçə boyu diyirlədirlər. Yanan çəlləyin mənasını açıqlayan 2 əfsanə var. Birinci bütpərəst inanclara əsaslanır, yanar çəlləklər günəşi bildirir. Şotlandlar onları dənizə atmaqla dəniz canlılarına işıq və istiliyin bir hissəsini verirlər ki, su aləminin xeyirxahlığından pay alsınlar. Digər inanca görə isə alov pis ruhlardan və iblislərdən təmizləyir. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açılır.

Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir. Bu ənənə "ilk ayaq" adlanır. Yeni il üçün xüsusi ənənəvi yeməklər hazırlanır: səhər yeməyi üçün adətən yulaf tortu, pudinq, xüsusi pendir növü (kebben), nahar üçün qaynadılmış qaz və ya bifşteks, pasta və ya xəmirdə bişmiş alma verilir. Qonaqlar yeni il peçə atmaq üçün mütləq özləri ilə kömür gətirməlidirlər. Gecə yarısı köhnə ili yola salıb Yeni ili qəbul etmək üçün qapılar taybatay açılır.

İtaliya

Yeni il ərəfəsində köhnə əşyaları pəncərələrdən atmaq adətdir. İtalyanlar bu adəti çox sevirlər və bunu cənublulara xas ehtirasla yerinə yetirirlər: köhnə ütülər, stullar və digər əşyalar pəncərədən küçəyə atılır. İtalyanlar hesab edir ki, nə qədər çox mebel atılsa, Yeni il evlərinə bir o qədər çox sərvət gətirəcək. Onlar əmindilər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Peri Befana nənədir. İnanca görə, o, sehrli süpürgə ilə uçur. O, balaca qızıl açarla qapıları açır və uşaqların yatdığı otağa daxil olaraq kamin (buxar) yanında xüsusi olaraq asılmış uşaq corablarını hədiyyələrlə doldurur. Zəif oxuyan və ya dəcəl, sözəbaxmayan uşaqlar üçün Befana bir çimdik kül və ya kömür qoyur. Ancaq İtaliyada bir sehrli baba da var, onun adı Babbo Nataledir.

Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti mövcuddur. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə köhnə illə vidalaşırlar.

İtalyanlar üçün yeni ildə ilk olaraq kiminlə görüşmək də önəmlidir. Yanvarın 1-də bir italiyalının gördüyü ilk şəxs rahib və ya keşişdirsə, bu pisdir. Kiçik bir uşaqla görüşmək də arzuolunmazdır, amma donqar baba ilə görüşmək şans gətirir.

Bayram günlərində Apennin adalarının sakinləri sağlamlıq, firavanlıq və uzun ömür rəmzi olan mərcimək, qoz-fındıq və üzüm yeyirlər.

İspaniya

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Burada kütləvi şəkildə üzüm yeyirlər. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. İspan mağazalarında hətta qablarda çəyirdəksiz və qabıqsız üzüm satılır. 12 qab ilin 12 ayını bildirir.

Üzüm isə yerli fermerlərin hiyləgər marketinq gedişidir. Onlar 1908-ci ildən bu adətə görə pul qazanırlar. Beləliklə, ispanlar yeni ilə dolu ağızla girirlər. Daha bir maraqlı məqam: İspanlar qarşıdakı 12 ayda maliyyə problemi yaşamamaq üçün ili qırmızı alt paltarında qarşılayırlar. Ənənə həm kişilərə, həm də qadınlara aiddir. Qırmızı rəngin maliyyə cəhətdən uğur gətirdiyinə inanılır.

Almaniya

Alman Şaxta baba, ingilislərdə olduğu kimi, uşaqlar üçün boşqablara hədiyyələr qoyur. O, ancaq eşşəklə səyahət edir. Böyüklər falçılıqla məşğul olur, stolüstü oyunlar və atəşfəşanlıqla əylənirlər. Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid insanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar. Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr, yeni il daha bərəkətli olacaq.

Almanlar qış bayramı üçün yüngül yeməklərə üstünlük verirlər. Balıq yeməkləri və kökə məşhurdur.

Avstraliya

Avstraliyada Yeni il şənlikləri kifayət qədər ekzotik keçirilir. Qar, şam ağacı, maral və bayramın digər ənənəvi atributlarının olmaması səbəbindən Şaxta Baba Sidney çimərliyində parlaq rənglərlə bəzədilmiş sörfün üzərində üzgüçülük kostyumunda peyda olur. Bununla belə, Köhnə dünyanın ənənələrinə riayət edən Şaxta Babanın mütləq ağ saqqalı və qırmızı papağı olur. Yeni il axşamı açıq səma altında atəşfəşanlıqların keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək ənənəyə çevrilib. Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar müşahidə olunmur. İstirahət günü və ya bayram olmasına baxmayaraq, avstraliyalılar, adətən, səhər saat 5-6-da yuxudan oyanır, axşam saat 10-dan gec olmayaraq isə yatağa girirlər. Təbii ki, Yeni il gecəsi istisnadır. Amma bu bayram günündə də saat 00:10-da hamı yataqda olur.

Finlandiya

Yeni il ərəfəsində finlər mumla fal açır, bayram süfrəsinə çoxlu yeməklər və içkilər qoyurlar. Şimallılar üçün ən çox arzulanan yemək şirin düyü sıyığı və gavalı jelesidir. Fin Şaxta babası Joulupukki adlanır. Bu ad "Milad keçisi" kimi tərcümə olunur. O, keçilərin çəkdiyi arabaya mindiyi üçün belə adlanır. Youlupukki xeyirxahdır, bütün arzuları yerinə yetirir. Şaxta Babanın çox yaxşı eşitmə qabiliyyəti var, o, pıçıltını da eşidə bilir. Qışqırmaqla arzu dilə gətirmək xoş qarşılanmır. Çünki arzunu pis ruhlar eşidə bilər və onun yerinə yetirməsinə heç kim zəmanət verməz.

Fransa

Dekabrın 31-i ərəfəsində fransızlar evlərini ağacdan və gildən hazırlanmış heykəlciklərlə bəzəyirlər. Şaxta baba Per Noel, yəni Noel ata adlanır. Bayramın “kralı” isə uşaqlardır. İnanca görə, Noel ata Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.

Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa, kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram payını başqa bir qadın götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

Hazırladı:
PÜNHAN
XQ



Sosial həyat