Kor olmuş gözə nur gətirən həkim

post-img

İnsan üçün sağlamlıq bütün nemətlərdən və dəyərlərdən qiymətlidir. Lakin bəzən bu gerçəyi unudur, səhhətimizə biganə yanaşır, vaxtsız xəstəlik, dərd-bəla tapırıq. Bu isə çox vaxt çətin müalicə olunan xəstəliklərə gətirib çıxarır. 

Mən özüm tibb işçisiyəm. Vaxtında həkimə getməyin, düzgün diaqnozdan sonra müalicə almağın sağlamlığın bərpası üçün nə qədər önəmli olduğunu yaxşı bilirəm. İl yarım əvvəl mənim də sağlamlığımda problem yarandı. Sol gözümdə görmə qabiliyyəti qəfildən zəifləyəndə dərhal həkimə müraciət etdim. Dərdimin çarəsi üçün üz tutduğum tanınmış göz həkimləri müalicə üçün dərmanlar yazırdılar. Amma müəyyən dövrdə gözümdə görmə qabiliyyətim artsa da, təkrar zəifləmə yaranırdı. 

Beləliklə, 6 ay Bakıda bir çox  şəhər  xəstəxanalarında, özəl tibb ocaqlarında göz həkimlərinin qəbulunda oldum, onların müalicəsini aldım. Axırda gözümdə ağırlaşma və xəstəliyin şiddətlənərək korluqla nəticələnəcəyi diaqnozunu qoyub müalicə etməkdən imtina etdilər. Çəkinmədən “bu xəstəliyin müalicəsi yoxdur” deyənlər də oldu. 

Əlim hər yerdən üzüləndən sonra yaxın bir adamın məsələhəti ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gəldim. Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyevanın yönəltməsi ilə oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov gözümü yenidən müayinə etdi. Həkim yanlış diaqnoz qoyulduğunu və düzgün müalicə aparılmadığını bildirib, xəstəliyin səbəbini dərindən araşdırdı. O,  gözümdə naməlum virus səbəbindən nazik pərdə əmələ gəldiyini və əsaslı müalicəyə başladı. 

Həkimin məni təmənnasız müayinə etməsi, müalicənin yaxşı getməsi, irəliləyişin olması qəlbimdə ümid çırağı yandırırdı. 

Aylar ötür. Təyin olunan zamanlarda müayinələrə gedir, dərmanlar qəbul edirdim və gözümə iynələr vurulurdu. Müalicələrin nəticəsində görmə qabiliyyətimin yaxşılaşmasını hiss etsəm də, tam sağalmağıma inanmırdım. Müalicə xeyli uzansa da, Qurban həkim səbr və diqqətlə gözümü virusdan da xilas etdi, kataraktanı da əməliyyatla aradan qaldırdı. 

Məni bir ilə yaxın təmənnasız müalicə edən, hər dəfə “mən sizi sağaldacam”– deyərək təsəlli verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Qurban İsmayılova hədsiz minnətdarlığımı bildirirəm. Gözünüzün nuru azalmasın, həkim. neçə-neçə xəstə sizin şəfqətli əllərinizə, dərman kimi məlhəm olan sözlərinizə möhtacdır. Çox sayda xəstəyə nur bəxş edən, “möcüzə” yaradan oftalmoloq alimə yeni uğurlar arzulayıram.

Xanım DADAŞOVA, 
“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin böyük tibb bacısı

Sosial həyat