Şəhid ailələri, qazilər, müharibə iştirakçıları xalqımıza əmanətdir

post-img

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən təşkil olunan tədbir yüksək əhval-ruhiyyə və mənəvi zənginliklə yadda qaldı. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, təhsil işçiləri və müxtəlif müəssisə həmkarların sədrlərinin qatıldığı tədbirdə həmrəyliyimizin, milli birliyimizin xalqımıza yaşatdığı qələbələrimiz və butün bunların bizə bəxş etdiyi ümumxalq xoşbəxtliyi vurğulandı.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz 1 dəqiqəlik sükutla ehtiramla yad edildi.

Tədbirdə çıxış edən Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin adından qonaqları salamladı, ölkəmizin milli birliyinin və həmrəyliyinin əhəmiyyətindən bəhs edərək, şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət göstərilməsinin vacibliyini vurğuladı. Fəxrəddin Eyvazov qeyd etdi ki, 31 dekabr müasir tariximizin ən yaddaqalan və ən şərəfli günlərdən biridir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu tarixi qərarla həmrəyliyimizin, milli birliyimizin əsası qoyulub. Bu gün biz iki əsrlik tariximizdə ilkə imza ataraq ölkəmizin ərazi bütövlüyünü tam təmin etmiş Prezident İlham Əliyevin liderliyi və birliyimizin rəmzi olan “Dəmir yumruq” la ümummilli hədəflərə nail olmuşuq. Natiq söyləyib ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları xalqımıza əmanətdir, Vətənimizə zəfər bəxş etmiş şəhidlərimizin ailə üzvlərinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı, mənəvi dəstək olmaq hər birimizin müqəddəs borcudur.

Abşeron Regional Təhsil İdarəsinin müdiri Sənan Xəlilov isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmini vurğulayaraq bildirib ki, Vətənə məhəbbət və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır.

Maraqla qarşılanan çıxışlardan sonra tədbir əbədi-bədii hissə ilə davam edib.

Mehdiabad 2 saylı tam orta məktəbin VII sinif şagirdi Dəniz Teymurzadənin həzin musiqi ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Qobu 2 saylı tam orta məktəbin VIII sinif şagirdləri Bayramov Səlim və Həsənzadə Elvin tarda möhtəşəm ifaları ilə tədbirə xüsusi rəng qatdılar. Şaxta baba və Qar qız isə  uşaqlara hədsiz sevinc bəxş etdi.

Sonda  şəhid övladlarına hədiyyələr təqdim olundu.

Sosial həyat