Artıq günümüzün xəstəliyinə çevrilmiş xərçəng yaranma səbəbilə elm adamlarını təəccübləndirməkdə davam edir. Tehran Universitetinin alimləri elmi araşdırmalarla sübut ediblər ki, müntəzəm olaraq 60 dərəcədən yuxarı istilikdə çay içməyi sevənlərdə qida borusu, qırtlaq xərçənginin yaranma riski digər insanlara nisbətən 80 faiz artır.
Alimlər İranın 50 min sakininin tibbi məlumatlarını təhlil ediblər. Müayinə və həyat tərzinə uyğun toplanan həmin məlumatları təhlil edilənlərin yaşı 40–75 arası olub. 10 il ərzində onlardan 456 nəfərində qida borusu karsinoması aşkarlanıb.
Təhlillər göstərib ki, gündə 60 dərəcədən yuxarı 700 millilitr (3–4 stəkan) çay içən və gündə həmin miqdardan çox (təxminən 5 stəkan) çay içənlərdə xərçəngin bu növü daha çox müşahidə edilib.
Alimlər bununla bağlı jurnalistlərə açıqlamalarında bildiriblər ki, çox insanlar isti çay, qəhvədən ləzzət alır, ilıq olanda içmir. Lakin qaynar içkilər qarşısıalınmaz nəticələr verə bilər. Ona görə də məsləhət görürük ki, çayı soyudub için.
Z.HÜSEYNLİ
XQ