Ulu Öndər Heydər Əliyevin xatirəsi Aktauda anılıb

post-img

Aktau şəhərindəki “Grand Viktoriya” mehmanxanasında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib. 

Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən Türkiyə, İran, Özbəkistan Baş Konsulluqlarının, Aktau şəhər Məslixat Şurasının (deputatlar Şurası), Xalq Assambleyasının nümayəndələri, Azərbaycan və Türk icmasının fəalları, iş adamları, tələbələr iştirak edib. 

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Elçin Məmmədov Ulu Öndərin həyatı və fəaliyyəti haqda danışıb. 

Sonra Aktau şəhər Məslixat Şurasının sədri Sembiqali Zakenov, Türkiyənın Aktau şəhərindəki baş konsulu Sabri Alptəkin, Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynov, Manqistau vilayətindəki Azərbaycan Ağsaqqallar Şurasının üzvü, professor Yusif Quliyev, Ş.Yessenov adına Universitetin baş müəllimi, burada fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov Ulu Öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər. 

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışılıb, bildirilib ki, Azərbaycan xalqı Ulu Öndəri, onun fəaliyyətini unutmayacaq, onun xatirəsinin daim yad edəcək.

Tədbirin ikinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Sonra qonalar ehsan süfrəsinə dəvət olunub. 

*     *     *

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ş.Yessenov adına Universitetdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq müasir mərhələdə: ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib. 

Tədbirdə ölkəmizin və Qazaxıstanın ekspertləri, alimlər, ictimaiyyətin nümayəndələri, müəllim və tələbələr, Azərbaycan icmasının fəalları iştirak edib.

Mövzu ilə bağlı universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Elmira Temirxanovanın, həmin kafedranın dosenti Akmaral Medixanovanın, baş müəllim, universitetin nəzdində Azərbaycan Mərkəzinin direktoru İlkin Orucovun, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, siyasi elmlər doktoru Eldar Cəfərovun məruzələri dinlənilib.

Onlar deyib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu, dövlətçilik ənənələri və ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirir. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 

 





Sosial həyat