İordaniyanın aparıcı media qurumları Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aid çoxlu sayda xəbərlər və videomateriallar yayımlayıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin “Petra” Dövlət İnformasiya Agentliyi, “The Jordan Times”, “Al-Rai”, “Əd-Dustur”, “Ammon News”, “Jordan News”, “Roya News”, “Al-Mamlaka” qəzet və saytlarında, eləcə də “Jordan Tv”, “Roya Tv” və “Mamlaka Tv” televiziya kanallarında COP29 ilə bağlı silsilə məqalə və videomateriallar dərc edilib.
Xəbərlərdə COP29 çərçivəsində keçirilən Liderlər Sammitində İordaniya Kralı II Abdullahı təmsil edən Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın tədbirdəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə ətraflı məlumat verilib. Bundan əlavə, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi, iqlim dəyişmələrinə dair danışıqların uğurla nəticələnməsi və COP29-la bağlı təşəbbüslərin dəstəklənməsi ilə bağlı müsbət rəylər oxuculara təqdim olunub. Azərbaycanın dünyanın prioritet qəbul etdiyi yaşıl enerji layihələri ilə bağlı məlumat verilib, ölkəmizin bu sahədə təcrübəsinin dünyaya çatdırılması məsələləri geniş işıqlandırılıb.
Yerli mediada Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın COP29-da iştirakı, Azərbaycanın tarixi və turizm imkanları ilə bağlı faktların yer aldığı videoçarxlar da bu ölkə mətbuatında geniş yayılıb.