Aktauda “Azərbaycan - Qazax Xalqlarının Dostluq Xiyabanı" açılıb

post-img

Aktau şəhərindəki Prezident bağında  Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun və  Manqistau vilayət Akimliyinin dəstəyi ilə yaradılan “Azərbaycan - Qazax xalqlarının Dostluq Xiyabanı"nın açılış mərasimi keçirilib. 

Mərasimdə Mangistau vilayət Akimliyinin, Aktau şəhər meriyasının, Məsləhət Şurasının ,  Xalq Assambleyasının , Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluqların  nümayəndələri, Azərbaycan icmasının fəalları, gənclər, tələbələr, ümumiyyətlə 200-dən çox qonaq iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş Konsulluğun başçısı Elçin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, bu il noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29), eləcə də iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində ölkəmizin beynəlxalq aləmdə  apardığı fəaliyyətdən danışıb.  Sonra E.Məmmədov qardaş ölkəyə dəstək əlaməti olaraq Baş Konsulluq tərəfindən Aktau şəhərində  yaşıl dostluq guşəsinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib və bu təklifin Mangistau vilayət Akimliyi, Aktau şəhər meriyası tərəfindən məmnunluqla qarşılandığını bildirib. E.Məmmədov  Dostluq Xiyabanının xalqlarımız arasında tarixi köklərə soykənən dostluq, qardaşlıq bağlarının möhkələnməsinə xidmət  edəcəyini vurğulayıb. 

 Vilayət akiminin müavini Abat Urisbayev iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən, əlaqələrin dərinləşməsi istiqamətində görülən işlərdən danışıb,  xiyabanın yaradılmasına görə Baş Konsulluğa təşəkkürünü bildirib. A.Urisbayev dost Azərbaycanda keçirilən  yüksək səviyyəli beynəlxaq tədbirdən (COP 29), həmin konfransın region və dünya ölkələri üçün xüsusi əhəmiyyətindən bəhs edərək ölkəmizə uğurlar arzulayıb.

Çıxışlardan sonra qonaqların iştirakı ilə “Azərbaycan - Qazax Xalqlarının Dostluq Xiyabanı" nın daş lövhəsinin təntənəli açılış mərasimi olub. Sonra ekoloji aksiya keçirilib və xiyabanda Azərbaycanın florasını təmsil edən Eldar şamı, Xan çinar, nar, zeytun, badam və digər meyvə ağacları olmaqla ümumlikdə 300 ədəd ağac əkilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 

 









Sosial həyat