Titrək əlində üçrəngli Azərbaycan bayrağı tutan balaca kişi! Əlində yellədiyin aylı-ulduzlu bayraq indi Şuşa şəhərinin ən uca nöqtəsində dalğalanır!
28 il 6 ay işğalda olmuş xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərinin azadlığa çıxdığı günə sən də sevinirsən. Gözün aydın olsun!
Biz 10 min 400 gündən artıq həmin günü gözləmişik!
Düz 10 min 400 gün! Sən xoşbəxtsən! Həm də ona görə xoşbəxtsən ki, bu dözülməz ağrını, bu iztirabı, bu həsrəti yaşamaq sənə nəsib olmadı.
Sən bu yolda gedən qurbanları, axıdılan qanı, didilən sinələri, qovrulan ürəkləri görmədin. Əlbəttə, illər keçəcək, böyüyəndən sonra sənin atanın, babanın və onların mənsub olduğu nəslin bu qədim diyara, bu möhtəşəm şəhərə, Azərbaycanın muğam-musiqi beşiyi sayılan Şuşaya qovuşmaq üçün hansı əziyyəti çəkdiyini, onun hansı zəhmət bahasına öz sahibinə qayıtdığını biləcəksən.
Şuşa həsrəti sözə gəlməz, Şuşa iztirabı qələmə sığışmaz, Şuşa yanğısı dəryalarla soyumaz, necə ki, Şuşa özü təsvirə gəlmir...
Sevin, balaca dost, sevin, əziz Vətən sevdalısı!
Üzündəki təbəssüm, gözündəki sevinc əbədi olsun! Sən böyüdükcə, bu şəhərin hər daşının, hər qayasının necə böyük tarixi əhəmiyyət daşıdığını öyrənəcək, onun dünyaya bəxş etdiyi şəxsiyyətləri, mədəniyyət və incəsənət xadimlərini tanıyacaqsan, Şuşanın xalqımızın tarixində oynadığı roldan xəbərdar olacaqsan.
Sən qədim Şuşaya qalib əsgər, məğrur vətəndaş kimi daxil olacaq və qürur hissi ilə orada addımlayacaqsan!
Bu gün isə dağların zirvəsində yerləşən mədəniyyət beşiyini bizə qaytaran, onun azad olunması yolunda şəhid olanları ehtiramla yad edək, canını bu yolda qurban verənlərin əziz xatirəsi önündə baş əyək, yaralanan, əlil olan döyüşçülərin qəhrəmanlığını minnərdarlıq hissi ilə yada salaq…
Həm də təkcə bu gün yox, həmişə, hər vaxt…
Şuşa sevincin mübarək olsun!
Təkcə sənin yox, hamımızın…
Süleyman QARADAĞLI