Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində akademiyanın professor-müəllim heyəti və tələbələrinin əsərlərindən ibarət “Yaşıl gələcək” adlı sərgi açılıb.
Akademiyadan bildirilib ki, çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev belə sərgilərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu təşəbbüsün ətraf mühitin qorunması və “yaşıl gələcək” naminə maarifləndirmə istiqamətində mühüm rol oynadığını deyib. O, həmçinin akademiyanın müəllim heyətinin bu cür tədbirlərin təşkilində fəal iştirak etməsinin gənc nəsillərə və cəmiyyətə nümunə olduğunu qeyd edib.
Natiq Əliyev belə tədbirlərin COP29 mövzusunda incəsənət vasitəsilə həyata keçirilən maarifləndirici fəaliyyətlərin mühüm bir hissəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədov, Muzey-Sərgi Kompleksinin direktoru, Əməkdar incəsənət xadimi Lələ Eldarova çıxış edərək, sərginin gələcək nəsillərə ətraf mühitə məsuliyyətli yanaşma mesajı verdiyini vurğulayıblar.
Sərgidə rəngkarlıq, dəzgah qrafikası, plakatlar və qobelen olmaqla, 41 əsər nümayiş etdirilib. Bu əsərlərdə Azərbaycan xalqının öz Vətəninə məhəbbəti, ölkəmizin zəngin və rəngarəng təbiəti aydın şəkildə əks olunub. Həmçinin Rəssamlıq Akademiyasının qızıl fondunu təşkil edən, müxtəlif illərdə ərsəyə gəlmiş və xüsusi olaraq bu sərgi üçün yaradılmış yeni əsərlər təqdim olunub.
Sərgi noyabrın 1-dək davam edəcək.