Vətən sərhəddən başlayır

post-img

Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur

Ulu öndər Heydər Əliyevin “Vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir” müdrik kəlamı bizə dövlət sərhədlərinin mühafizəsi missiyasının nə qədər müqəddəs olduğunu bir daha dərindən anladır. Bu gün hər birimiz ölkəmizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan Azərbaycan Sərhəd Mühafizəsi ilə qürur duyuruq. 

Onu da qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin göstərişi əsasında media nümayəndələrinə DSX-nin bölmələrinin xidməti fəaliyyəti, maddi-texniki baza ilə yaxından tanış olmaq imkanı yaradılıb. Bu, çətin, lakin şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturu, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan Azərbaycan Sərhəd Mühafizəsinin potensialı ilə bağlı geniş ictimaiyyəti məlumatlandırmaq üçün çox yaxşı vasitədir. 
Bu məqsədlə, oktyabrın 24-dəDövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur təşkil edildi. 

Tədbirə qatılan qonaqlar əvvəlcə, hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə güllər düzdülər.  
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə konfrans zalında sahil mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də suveren ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verdi. 

O qeyd etdi ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində isə bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 
Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla Sərhəd Gözətçi Gəmilər Dəstəsinin əsasında Sahil Mühafizəsi yaradılıb. Bununla da, dəniz sərhədlərinin etibarlı mühafizəsi, eləcə də Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanlar yaranıb. Ardınca sahil mühafizəsinin maddi-texniki bazasının yaradılması, dənizdə sərhəd nəzarətinin təkmilləşdirilməsi üçün kompleks işlər görülüb. Hazırda Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları daim döyüşə hazır olmaqla, istənilən çağırışa çevik reaksiya göstərmək imkanına malikdir. 

General-leytenant 2024-cü il dövlət sərhədlərinin mühafizəsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışdı. Bildirildi ki, zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, neft-qaz platformaları, neft kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi və digər məsələlərlə bağlı hər il geniş təlimlər keçirilir. 

Müzəffər Pirizadə müasir standartlı yeni infrastrukturun yaradılması istiqamətində görülən işlərdən də danışdı:

–2019-2024-cü illər ərzində uzaqmənzilli radar avtomatlaşdırılmış informasiya sistemləri, gecəgörmə kameraları ilə təchiz olunmuş yeni müşahidə məntəqələri inşa olunaraq istismara verilib. Bununla da dənizdə kiçik, orta və böyük həcmli hədəflərin aşkarlanma imkanları daha da artıb. Arsenalımızda olan bütün vasitələrdən istifadə etməklə, Sərhəd mühafizəsinin şəxsi heyəti qarşıya qoyulan tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcək və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin edəcək. 
Sonra Sahil Mühafizəsi xidmətinin tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. 
Baş Komanda İdarəetmə Mərkəzində radar texniki müşahidə məntəqəsinin fəaliyyəti ilə tanışlıq media nümayəndələri üçün xüsusilə maraqlı oldu. Məlumat verildi ki, sərhəd pozucularının ölkəmizə daxil olmasının tam qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilir. Məntəqələrdə olan sərhədçilər ərazi sularına daxil olan tanınmayan hədəfləri, yaxud təyin olunmamış yerdən icazəsiz üzmə vasitələrini aşkarladıqda, müvafiq orqan və bölmələrə ötürürlər. O da qeyd olundu ki, son illərə qədər sərhəd mühafizəsinin balansında 9 radar var idisə, indi onların sayı 18-dir. 

Maraqlı məlumatlardan biri də qaçaqmalçılığa cəhd edən sərhəd pozucuları ilə bağlı idi. Qeyd edildi ki, adətən onlar ərazi sularına daxil olduqdan sonra sahilə yaxınlaşmadan hər hansı bir qaçaqmalı dənizdə xüsusi təyin olunmuş bir yerə qoyur, koordinatları isə tanışlarına ötürürlər. Təbii ki, həmin yer texniki müşahidə məntəqələrində operatorlar tərəfindən qeydiyyata alındıqdan sonra, sərhəd gözətçi gəmiləri həmin istiqamətdə yoxlamalar aparırlar. Ərazi nəzarətdə saxlanılır, sərhəd pozucuları və onların əlaltılarının ələ keçirilməsi istiqamətində tədbirlər görülür. 

Sahil Mühafizəsi Muzeyinə tur da xoş təəssüratlarla yadda qaldı. Müxtəlif eksponatlarla zəngin olan muzeydə ayrı-ayrı dövrlərdə dənizçilərin geyimləri, raket kompleksi, hidrokostyumlar, o cümlədən DSX əməkdaşlarının təltifləri nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı 1800-cü illərə aid olan sekstantdır. Məlumat verildi ki, qədim zamanlarda, naviqasiyanın olmadığı dövrlərdə onun vasitəsilə gəminin yerini müəyyən edirmişlər. 

Təlim-Tədris Mərkəzi ilə tanışlıq zamanı rabitə, şturman və digər sinif otaqlarında şəxsi heyətə keçirilən dərslər də izlənildi.  

Daha sonra jurnalistlər Heydər Əliyev İdeoloji Mərkəzinə baş çəkdilər.
Mediatur “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə “Şahdəniz” yatağı istiqamətinə səfərlə davam etdi. 

DSX-nın sahil mühafizəsinin dövlət  sərhədinin mühafizəsi şöbəsinin rəisi, 1-ci dərəcəli kapitan Pərviz Məmmədovdan öyrənirik ki, “Tufan” Sahil mühafizəsi arsenalında 2-ci dərəcəli gəmi hesab olunur. Həm silahlanması, həm manevr baxımından digər gəmilərdən fərqlənir. “Tayfun” silah sistemi, “Canik”, “Neqef” puleymotları ilə təchiz olunub. Gəminin aşağı göyərtəsində mexaniki atışlar üçün nəzərdə tutulmuş silahlar quraşdırılıb. 

Kapitan-leytenant Tural Məmmədli gəminin texniki göstəriciləri barədə məlumat verdi. O qeyd etdi ki, uzunluğu 61.70, eni 7.62 metr olan gəmi 4 ədəd 3 min 150 at gücünə malik katerpiller markalı baş mühərriklərlə təchiz olunub. Bu da ona 32 uzeldən yuxarı sürətlə hərəkət etməyə imkan verir və yüksək manevr qabiliyyətini təmin edir. Müasir radiolokasiya və naviqasiya sistemi dənizdə 96 mil məsafəyədək suüstü müşahidə aparmaq və hədəflərin aşkar olunmasına imkan yaradır. Sualtı müşahidə aparılması üçün 200 metr dərinlikdə, 500 metr üfüqi radiusda sanar sistemi mövcuddur. Silahların təyinatı suüstü və hava hədəf məhv edilməsidir. 

Sonra Xəzər dənizinin Azərbaycana məxsus bölməsində aşkar olunmuş və çağırışlara cavab verməyən mülki gəminin saxlanılaraq mənsubluğunun və ərazi sularına daxil olma məqsədinin müəyyən olunması istiqamətində sərhəd gəmisinin baxış qrupları tərəfindən taktiki fəaliyyət icra olundu. Sərhəd pozucularının döyüş dalğıcları tərəfindən aşkarlanması və məhv olunması əməliyyatı yerinə yetirildi. 
“Şahdəniz”, “Heydər Əliyev” və “İstiqlal” platformalarına vizual baxış keçirilməklə yanaşı, marşrut boyu sahil mühafizəsinin Şahdağ layihəli gəmiləri, çoxfunksiyalı “İquana” markalı amfibya və sərt gövdəli, iti sürətli katerlərinin, eləcə də, döyüş dalğıclarının imkan və qabiliyyətləri nümayiş etdirildi. 

Səhərdən davam edən turun son dəqiqələrində “Tufan” asta-asta yanalma körpüsünə yaxınlaşanda artıq qürub çağıydı. Dəniz sərhədlərinin mühafizəsi ilə bağlı aparılan əməliyyatları, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin fəaliyyətinin müxtəlif aspektlərini əyani şəkildə izləyən qonaqlar üçün mediatur unudulmaz təəssüratlarla yadda qaldı. 

Leyla QURBANOVA
Cavid QAÇAYEV
XQ





























Sosial həyat