Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin və Türk Dövlətləri Təşkilatının birgə reallaşdırdığı tədbirdə süni intellektin gələcəyi və sosial-iqtisadi inkişafdakı rolu müzakirə olunub.
Bildirilib ki, forumda süni intellekt sahəsində ixtisaslaşmış şirkətlərdən və Təşkilata üzv ölkələrin rəhbər şəxslərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.
Əsas məqsəd dövlət və özəl sektorda müvafiq sahənin inkişafı ilə bağlı regional əməkdaşlığın və rəqəmsal transformasiyanın gücləndirilməsi, araşdırmaların və innovasiyaların təşviqi olub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi “Süni intellekt tənzimlənməsi və dövlət xidmətlərinin göstərilməsi” panelində çıxış edib. O, “ASAN xidmət”in süni intellekt strategiyası, süni intellektin dövlət xidmətlərinə tətbiqi barədə məlumat verib.
Müzakirələrdə, həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ümumi yanaşmanın formalaşdırılması və bu sahədə iştirakçı ölkələr arasındakı əməkdaşlıq imkanlarından söz açılıb.