Söhbət ondan gedir ki, 4-5 il əvvəl bu məzmunda verilən proqnozların bəziləri indi təkzib edilir. Bir neçəsinin isə min illər sonra reallaşacağı söylənilir. Doğrudur, iqlim dəyişməsi dünyanın başı üstündə Damokl qılıncı kimi dayanıb. Bu məsələ ən mötəbər beynəlxalq təşkilatların gündəliyindən düşmür. Hətta heç bir beynəlxalq təşkilata dəxli olmayan ayrı-ayrı alimləri də ciddi şəkildə narahat edir.
Yadımdadır, 2019-cu ildə Danimarkanın mötəbər elmi ekspedisiyasında təmsil olunan alimlər Şimali Avropanın yuxusuna “haram qatan “ bəyanat yaymışdılar. (Yaxşı ki, sonradan o proqnoz yalan oldu). Onların 2019-cu ilin iyun ayında Qrenlandiya yaxınlığında çəkdiyi bir fotoşəkil bütün dünyada yayılmışdı. Həmin fotoda ərimiş buzlaqlardan yaranmış suda dizə qədər bataraq tədqiqatçılarla kirşə çəkən xizək itləri görünürdü.
Təbii ki, Arktika buzlaqlarının əriməsinin əsas səbəbi iqlim dəyişikliyidir. Atmosferə buraxılan çoxlu miqdarda antropogen emissiyalar səbəbindən hava qızır və qlobal istiləşmə başlayır. Bununla belə, planetin bütün hissələri buzları eyni sürətlə əritmir. Aparıcı elmi mərkəzlərin iqlimşünasları müəyyən ediblər ki, Arktikanın Rusiya hissəsində buzlar Amerika hissəsinə nisbətən daha tez əriyir. Şimal Buzlu Okeanına göndərilən ekspedisiya və peyk məlumatlarının təhlili elm adamlarına bu faktın səbəblərini öyrənmək imkanı verib.
Moskva Dövlət Universitetinin, Hidrometeorologiya Mərkəzinin və Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun klimatoloqu Mixail Varentsov izah edir ki, bu balanssızlıq Arktikada hava kütlələrinin sirkulyasiyasının xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, sentyabrın ikinci yarısında bu okean Günəşdən istiliyi aktiv şəkildə toplayır. Ancaq soyuq hava qütbdən və ya Qrenlandiyadan gəlirsə, istiliyin bir hissəsi itir. Və ya əksinə – qitədən isti hava axını okeanın istiləşməsini artırır.
Bəzi alimlərin fikrincə, qlobal istiləşmə ilə yanaşı, müxtəlif regionların iqliminə uzunmüddətli hava dalğalanmaları da təsir edir. Bu amillər həm birbaşa təsir göstərə bilər, həm də atmosferdə istixana qazlarının konsentrasiyasının artmasının nəticələrini gücləndirə bilər ki, bu da daim Arktika buzlarının əriməsinə səbəb olur.
Alimlərin müşahidəsində deyilir ki, son 2–3 il ərzində ABŞ-nin şimalında və Kanadanın cənubunda güclü qar yağması və çox aşağı temperaturla anomal soyuq qışlar yaşanıb. Eyni şey Şimali Çin və Yaponiyada da müşahidə olunub. Şimali Amerikada bunun Çukçi və Şərqi Sibir dənizlərində, Asiyada isə Kara və Barents dənizlərində (Şimal Buzlu okeanın ən ucqar dənizləri) buzların əriməsi ilə əlaqəli olduğu əsas kimi göstərilir.
Hər halda Arktika buzlaqlarının əriməsi nəticəsində dünyanın xeyli hissəsinin su altında qalacağını söyləyənlər hələ də öz sözlərinin üstündə dururlar. Şimali Avropanı, Rusiyanın xeyli ərazisini, Pribaltikanı, Hindistan və Çinin bir hissəsini ciddi təhlükə gözlədiyini proqnozlaşdıranlar Xəzər və Qara dəniz hövzələrinin də həmin təsirdən kənarda qalmayacağını deyirlər. Elm adamlarının fikrincə, Arktikadan gələn təhlükədən ən az zərər şəkən Afrika ölkələri olacaq.
Bütün bunlar öz yerində. Dünən “Xakasiya İnform” agentliyində daha yeni olan bir materiala rast gəldim. Orada deyilir ki, Arktika buzlaqlarının əriməsi beş min il çəkəcək. Bu isə o deməkdir ki, həmin təhlükənin qarşısını almaq istəyən dünya alimlərinin vaxtı hələ çoxdur.
İ.QAÇAYEV