“Turan dünyası”nın media ortaqlığına doğru

post-img

Türk Dövlətləri Təşkilatının yaranıb möhkəmlənməsi qardaş və dost ölkələrin həyatının bütün sahələrində geniş əməkdaşlığa və ortaq platformaların yaradılmasına meydan açıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu türk xalqlarının ortaq media platformasının yaradılması yönündə ilk uğurlu addım olub. “Xalq qəzeti” səhifələrində davamlı yer alan “Turan dünyası” layihəsinin təcrübəsindən çıxış edərək, redaksiyamız Türk dövlətlərinin çap mediasının ümumilli nəşrlərinin ortaq fəaliyyətinin qurulması təşəbbüsü ilə ilk olaraq Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin media müşavirliyinə müraciət edib.

Bu təşəbbüsün müzakirəsi ilə bağlı dəvətimizi məmnunluqla qəbul edən cənab müşavir Alptekin Cihangir İşbilir dünən “Xalq qəzeti”nin qonağı oldu. Diplomatı salamlayan baş redaktor Əflatun Amaşov ölkələrimizin media sahəsində əməkdaşlığının uğurla davam etməsində Türkiyənin Azərbaycandakı Səfirliyinin və media müşavirliyinin fəal dəstəyini vurğuladı. Qəzet rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş iki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, formalaşan platformanın məqsədi Azərbaycan–Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə davamlı media ortaqlığının yaradılmasıdır.

Bildirildi ki, tarixi Şuşa Bəyannaməsinə də ayrıca bənd kimi daxil edilmiş bu əməkdaşlıq media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması; iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması; beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması; televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi; müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması; peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi; iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması kimi ictimai-siyasi, mənəvi-məfkurəvi hədəfləri əhatə edir.

Qeyd edilən media əməkdaşlığının prinsip və yönlərindən çıxış edərək, “Xalq qəzeti” redaksiyası Türk ölkələrinin aparıcı qəzetlərinin ortaq layihələrlə ümumi auditoriya yaratmasının mümkünlüyünü və gərəkliyini müzakirəyə təqdim edir. Keçmiş SSRİ zamanında türk respublikalarının avanqard qəzetlərinin belə ortaq layihələrlə çıxış etməsi təcrübəsinin dirçəldilməsi və genişləndirilməsi xalqlarımızın meda qardaşlığına yeni həyat verərdi.

Cənab müşavir Alptekin Cihangir İşbilir dəvətə görə təşəkkürünü bildirdikdən sonra “Xalq qəzeti”nin “Turan dünyası” layihəsini və təqdim edilən təşəbbüsü ölkələrimiz arasında yaradılan ortaq media platformasına yaradıcılıq töhfəsi kimi dəyərləndirdi. Diplomat qeyd etdi ki, Azərbaycan–Türkiyə Media Əməkdaşlığı Memorandumunun genişlənərək Türk Dövlətlərinin müvafiq platformasına çevrilməsi günün tələbidir. Diplomat “Xalq qəzeti” ilə türk ölkələrinin uyğun qəzet redaksiyalarının əməkdaşlığının qurulmasının, ortaq yaradıcılıq layihələrinin gerçəkləşdirilməsinin Ümumtürk Media Anlaşmasına doğru atılan uğurlu addım olacağına inamını ifadə etdi.

Görüşdə ötən ay Ortaq Türk Əlifbasının həyata vəsiqə alması xalqlarımızın həyatında mənəvi bütövləşməyə təkan verən tarixi hadisə kimi dəyərləndirildi. Bildirildi ki, ortaq əlifba çoxtərəfli ünsiyyətin media sferasında da önəmli yaxınlaşma və anlaşma amilidir.

Redaksiyamız təşəbbüsünü Bakıdakı digər türk dövlətlərinin səfirlikləri ilə müzakirə edəndən sonra ümumi görüş keçirilməsini nəzərdə tutur.

Tahir AYDINOĞLU
XQ



Sosial həyat