Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri ələ keçdilər

post-img

Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. 

Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayaraq idarə ediblər. 

Bundan başqa, bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV 
XQ

Sosial həyat