Xəyallar necə gerçəkliyə çevrilir?

post-img

Amerikalı Samuel Lenqli buxar mühərriki ilə işləyən uçan aparatı icad etdi və həmin aparatla yalnız 36 metr məsafə qət edə bildi. Ona qədər insan göyə ancaq uçan xalçalarla “səyahət” edə bilirdi. Bu 36 metrlik sıçrayışda insanın əli ilk dəfə göyə çatdı. Amma onlar hələ dəcəl oğlan uşağının ağacın başına dırmaşandan sonra yerə düşə bilmədiyi kimi, aşağı enməyi bacarmırdı. Rayt qardaşlarının taxtadan düzəldilmiş təyyarəsi isə bu məsafəni 260 metrə qədər uzatdı və beləcə, Andersenin, Jül Vernin qəhrəmanları kitabdan çıxıb həyata gəlməyə başladılar.

Texniki tərəqqi inkişaf etdikcə insanın xəyalları gerçəkləşməyə başladı. İndi ro­botlar insandan heç nəylə seçilmir, onun əvəzinə düşünür, hərəkət edir, hətta de­yilənə görə, roman da yaza bilir. Amma bu, təzə hadisə deyil. Makedoniyalı İsgən­dərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılan Qədim Roma imperatoru Yuli Sezar iyirmi üç bıçaq zərbəsilə öldü­rüldükdən sonra onun dəfnində insanları heyrətə gətirən bir olay yaşanmışdı. İmpe­rator tabutda bir böyrü üstdən o biri böyrü üstə çevrilmişdi. Sezarın silahdaşlarından olan Antonio xalqı onu öldürən sui-qəsd­çilərə qarşı qaldırmaq üçün imperatorun mumiyasını düzəltdirmişdi və onu qurğu ilə hərəkətə gətirmişdi. Sezarın dəfn mə­rasimində yaşanılan bu olay tarixə məlum olan ilk robot adam örnəklərindən biridir.

Hələ 1206-cı ildə Diyarbəkirdə Əl-Cəzəri tərəfindən yazılan “Kitabül-xə­yal” əsərində insan şəklində robotların necə düzəldildiyi və işə salındığı haqqında məlumat verilir. Onun kitabında hərəkət edən insan fiqurlarının rəsmləri öz əksini tapıb. Bir-birinə şərab təklif edən iki şeyx, əllərindəki kasalara içki süzən insanların olduğu qayıq, fil üstündə səyahətə çıxan adam və sair. Türk şairi Sunay Akın “Ay hırsızı” kitabında bu haqda daha ətraflı bil­gi verir.

Həm hərəkət edən, həm düşünən robot adamı isə ilk dəfə macar əsilli Volfqanq Ritter von Kempelen yaradıb. Onun 1769-cu ildə yaratdığı robot adam masa arxasına keçib və qarşısındakı canlı insanla şahmat oynayıb. Kempelen imperatriça Terezanın dəstəyilə yaratdığı bu varlığa “Şətrənc oy­nayan adam” adını verib. Çoxları Kempe­leni sehrbaz zənn etmişdi. Festivallarda, yarmarkalarda nümayiş etdirilən “Şətrənc oynayan adam”ı görmək üçün axın-axın insanlar gəlib onun tamaşasına dururdu. Bu robotu görənlər arasında alman şairi və mütəfəkkiri Höte də vardı. Həmin vaxt bu mexaniki varlığı Amerikaya aparmışdılar, Edqar Allen Po onu görüb heyran qalmış­dı və bu möcüzə haqqında yazı yazmışdı. Bir gün insanların alın yazısı dedikləri tale sehrli şahmatçını yandırıb külə döndərdi. O, Çikaqodakı təsadüfi yanğın nəticəsində “ömrünü” başa vurdu. 

Amma bu robot adam canlı insanı üstələyə, onu bütünlüklə əvəz edə bilmə­di. Ayzek Əzimovun qəhrəmanına çevril­disə də (“Robot adam” romanı), vətən­daşlıq hüququ almaq ona qismət olmadı. Amerikalı rejissor Kris Kolumbus çox sonralar bu romanın motivləri əsasında eyni adlı film də çəkdi və bu film “Oskar” mükafatını qazandı. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə ata son model robot alıb evinə gətirir, robot tezliklə ailə­nin bir üzvünə çevrilir, düşünür, onların sevincini, kədərini paylaşır, evdə canlı in­san kimi yaşamağa başlayır. Əsərin qısa mövzusu budur. Amma bu robot adam kitabdan çıxıb həyata gələ, şəxsiyyət və­siqəsi ala bilmir. İnsan zəkası göyləri fəth etməyin yollarını axtarıb tapsa da, neçə yüz illərdir bu robot adama can verə bil­mir. Çünki bu səlahiyyət yalnız və yalnız Tanrıya məxsusdur.

Yeni dövrün futuristi sayılan Yuval Noah Harari “XXI əsr üçün 21 dərs” kita­bında yazır ki, “qloballaşma qlobal birliyə aparmaq əvəzinə, “növ yaratmağa” aparıb çıxara bilər. İnsanın müxtəlif bioloji sinif­lərə və ya hətta növlərə bölünməsi baş verə bilər”. Yəni super insan və homo sapiens. Əgər həyatın uzadılması və fiziki sağlam­lığın inkişaf etdirilməsi sahəsindəki yeni müalicə metodları yaransa, bəşəriyyət bi­loji zümrələrə bölünəcək. Harari yazır ki, gələcəkdə biz intellektin şüurdan ayrılma­sının şahidi ola bilərik və süni intellektin inkişafı ona gətirib çıxara bilər ki, dünyada yüksək intellektli, lakin şüursuz varlıqlar meydana çıxa bilər. Bu sahə üzrə dünya alimlərinin çox sayda araşdırma əsərləri yazılıb. 

Böyük əksəriyyət düşünür ki, süni in­tellekt heç bir zaman insan zəkasına qalib gələ bilməz. Bu, mümkünsüzdür. Tanrının yaratdığına müdaxilə etmək və onun alter­nativini yaratmağa cəhd etmək demonların işidir, yəni şeytan əməlidir. Bu mənada texnologiya heç zaman ilahi nizama qalib gələ bilməyəcək. Digər tərəfdən isə digi­tal sistemlər sürətlə inkişaf etməkdədir. İyirmi birinci əsrdə postindustrial siviliza­siya süni intellektə və nanotexnologiyaya əsaslanaraq daha özünəbağlı bir sistem ola bilər. İnsan sivilizasiyası bu yeni mühitə adaptasiya olunduqca dünyanın mənzərəsi də dəyişəcək. 

Metamorfozalar iqlim dəyişikliklərinə də öz təsirini göstərməkdədir. İnsanlar yüz min illərdir ki, planetdə yaşayır və bir neçə buzlaşma və istiləşmə dövründən sağ çıxıblar. Elm adamları bu fikirlə razılaşır ki, insan fəaliyyəti, xüsusilə də karbon dioksid kimi istixana effekti yaradan qaz­ların ətraf mühitə yayılması yer kürəsinin iqlimini qorxunc sürətdə dəyişir. Bu da səhraların genişlənməsi, buzlaqların yoxa çıxması, okean səviyyəsinin yüksəlməsi, ekstremal iqlim hadisələrinin daha da in­tensivləşməsi deməkdir. Herman Melvilin, Meri Şellinin, Jül Vernin əsərlərində bun­lar, doğrudan da, insanlara fantastika kimi görünürdü. Zaman keçir, fantastika reallı­ğa çevrilir. 

Antiutopik romanın ustaları olan Corc Oruellin “1984”, Rey Bredberinin “451 dərəcə Faranheyt” əsərlərindən tanış oldu­ğumuz monitorlar gerçəyə çevrildi, onların səbəbsiz günah hissindən əziyyət çəkən qəhrəmanlarını yataq otağında da izləyən kameralar insanların hərəkət azadlığını xeyli məhdudlaşdırdı. Amma Tanrı yarat­dıqlarının şüurlusu olan insana alternativ insan yaratmaq qüdrəti vermədi. Cövhər onun xəzinəsindədir, bu cövhər Ruhdur. Buna görə də insan heç vaxt öz alternati­vini yarada bilməz. Məsləhət olsaydı, onu Tanrı yaradardı.

İnsanı həyatdan kitaba gətirmək asan­dır, onun kitabdan çıxıb həyata gəlməsi isə həmişə baş vermir.

Kənan HACI,
yazıçı-publisist



Sosial həyat