Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Ankarada görüşlər keçirir

post-img

Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankaraya gəlib.

“YAŞAT” Fondunun sədri, Qarabağ müharibəsi veteranı Elvin Hüseynov AZƏRTAC-a bildirib ki, sentyabrın 2-dək davam edəcək səfərin proqramı çox zəngindir. O əlavə edib: “Avqustun 29-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşdük, Türkiyə Prezidentinin Administrasiyasında, həmçinin qardaş ölkənin Gənclər və İdman Nazirliyində olduq. Eyni zamanda, proqram iştirakçıları hər il avqustun 30-da Türkiyədə qeyd olunan Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər”.

Elvin Hüseynovun sözlərinə görə, səfər proqramına Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinə və ev-muzeyinə ziyarətlər də daxildir.

Bundan əlavə, şəhid ailələri paytaxtın Cebeçi rayonunda şəhid türk əsgərlərinin məzarlığını ziyarət edəcəklər. Hacı Bayram Vəli məscidində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə dualar oxunacaq.

Görüşlərin iştirakçıları - Qarabağ müharibəsində həlak olan qəhrəmanların ata-anaları AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

Şəhidlərin yaxınları övladlarının uzun illər işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canlarını fəda etməsindən qürur hissi keçirdiklərini bildiriblər.

Qəhrəmanların valideynləri Azərbaycan xalqının ədalətli mübarizəsinə verdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür ediblər.

Qarabağ müharibəsi şəhidi Rəşad Quliyevin anası Mətanət Quliyeva bildirib: “Azərbaycan övladlarının qəhrəmanlığı tarixi ədalətin bərpasına imkan verdi. Adlarını tarixə qızıl hərflərlə yazan şəhidlərimizlə fəxr edirik”.

Qarabağ müharibəsi qəhrəmanı Rövşən Nurzadənin atası Əli Nurzadə Azərbaycan ordusunun zabiti olan oğlunun Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olduğunu bildirib. O deyib: “Şuşa əməliyyatından əvvəl oğlum yaralanmışdı, ona müalicə üçün qalmağı təklif etmişdilər, amma Rövşən bundan imtina edərək döyüşə yollandı. Oğlum əsl qəhrəman idi! O, son söhbətlərinin birində demişdi: “Prezident İlham Əliyev elə güclü ordu yaradıb ki, bir həftəyə nəinki Qarabağı, hətta Zəngəzuru da azad etməyə qadirdir! O, həmçinin Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin quruculuğuna verdiyi dəstəyi yüksək qiymətləndirirdi”.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara











Sosial həyat