Azərbaycanla Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması müzakirə edilib

post-img

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin Baş nazirinin Gənclər Proqramının sədri Rəna Məsud Əhməd Xan ilə görüşüb.

Görüşdə iki dövlət arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq imkanlarının araşdırılması müzakirə edilib, tərəflər gənclərlə bağlı təşəbbüslər vasitəsilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Diplomat Azərbaycan ilə Pakistan arasında, xüsusən də gənc nəsillərə birbaşa təsir edən sahələrdə əməkdaşlığın davamlı olmasının zəruriliyini vurğulayıb. “Gənclər bizim ən böyük sərvətimizdir və onların inkişafı ilə biz ölkələrimizin firavan gələcəyini təmin edə bilərik”, - deyə səfir bildirib.

Görüşdə müzakirə edilən əsas mövzulardan biri də həm Pakistandan, həm də Azərbaycandan tələbələr üçün ikili diplom kurslarının yaradılması məsələsi olub.

Söhbət zamanı, həmçinin Pakistanın Milli Könüllülər Korpusu (NVC) ilə Azərbaycanın könüllülər şəbəkəsi arasında potensial əməkdaşlıqdan bəhs olunub.

Rəna Məsud Əhməd Xan Azərbaycanın gənclər, idman və mədəniyyət nazirlərini Pakistana səfərə dəvət edib.

Sosial həyat