BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktiki konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
“Təbii ki, bu etimadın əsas səbəbkarı - bu tarixi nailiyyətin ərsəyə gəlməsi üçün yorulmadan çalışan Prezident İlham Əliyevə xalqımızın dəstəyi də misilsizdir”, - deyə Baş prokuror əlavə edib.