Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində yerli tərəfdaşı ilə birgə “Exit poll” keçirmək məqsədilə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu aparıb.
AZƏRTAC xəbər verir ki, sorğu iyulun 29-dan avqustun 9-dək yerli respondentlər arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb.
“Oracle Advisory Group” təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırlıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldıqları üçün respondentlərin mövqeyi tamamilə şəffaf olub.
“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb.
Bildirilib ki, respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirib, 9 faizi isə suala cavab verə bilməyib.
Azərbaycandakı söz azadlığı ilə bağlı suala respondentlərin 85 faizinin rəyi müsbət olub.
Diqqətə çatdırılıb ki, sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı 2013-cü, 2018-ci və 2024-cü illərdə prezident seçkilərində, 2015-ci və 2020-ci illərdə parlament seçkilərində, 2016-cı ildə isə referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib.