Böyük Qayıdış: 11 çadır - 11 mahalı özündə əks etdirən unudulmayan etnoqrafiyamız, tariximiz, adət- ənənələrimiz!

post-img

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə tarixi görüş keçirildi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Bu fikirlər həm zalda, həm ekran qarşısında oturan Qərbi azərbaycanlılarda böyük ümid və sevinc hissi yaratdı. Çünki bu fikiləri səmimi ortamda keçən görüşdə Qarabağı bizə qaytaran müzəffər Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev səsləndirmişdi. Bu görüşdən sonra “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası hazırlandı. Bu ideya ətrafında Qərbi azərbaycanlılar təşkilatlandı.  Əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdən ibarət olan konsepsiyadan irəli gələn vəzifələrin həlli istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Artıq Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb. Bu qəbildən olan tədbirlər sırasında Naxçıvanda keçirilən festivallar əhəmiyyətliliyi ilə seçilir. İlk festival 2023-cü ilin noyabr ayında baş tutdu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə novbəti festival-konqres isə bu ilin iyununda reallaşdı. Zəngəzur Milli Parkının Batabat yaylağında təşkil olunan festivalın əks sədası Zəngəzur dağlarının o biri üzündə eşidildi. 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun 44 günlük Vətən müharibəsində döyüşmüş cəngavərləri Şuşaya sancılmış və Zəfər paradında nümayiş etdirilən Zəfər bayrağını səhnəyə gətirəndə alqış sədaları göylərə ucaldı. Qəlbləri riqqətə gətirən vətənpərvərlik mahnıları oxundu. Gözlərdəki sevinc, ürəklərdəki fərəh hissi hər bir iştirakçının baxışına yansımışdı. 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər marşı” alqışlarla qarşılandı.  

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqi ilə hər kəsi “Qərbi Azərbaycana qayıdış” festival-konqresində salamlayıb.  Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiyanın qəbul olunmasına diqqət çəkib. Qeyd olunub ki, Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaqdır. 

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi üçün zəngin proqram hazırlandığını diqqətə çatdıran Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların, aparılan müzakirələrin ümumi məqsədə çatmaq üçün səmərəli olacağını bildirib.

Daha sonra Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynova, Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma çıxış ediblər. Çıxış edənlər festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirib, ötən dövrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıblar. 

Tədbirdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırılıb. Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində baş tutan “Qərbi Azərbaycana qayıdış” olimpiadasında ölkəmizin müxtəlif bölgələrindən 10 mindən çox şagird bilik yarışında fəal iştirak edib. Onlar Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, toponimləri, tarixi şəxsiyyətləri ilə bağlı biliklərini nümayiş etdiriblər. 

Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi,  Naxçıvan Müəllimlər İnstitutu, eləcə də qardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak ediblər. Həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri, Mədəniyyət və Təhsil nazirlikləri tərəfdaş qurum fəallıq nümayiş etdiriblər. 

Qara zurnanın səsi, birlik rəmzimiz olan yallı, xalq mahnı və muğamları, əlində bayraqlarla meydana daxil olan atlılar, xalq oyunları milli soykökümüzün, tariximizin dərin qatlarından xəbər verirdi. Məkan təsadüfən seçilməmişdi. Zamanın müxtəlif vaxtlarında, xüsusilə də üzü 1918-dən bəri öz dədə-baba torpaqlarından-Qərbi Azərbaycandan qovulanlar, deportasiyaya məruz qalanlara Batabat yaylağı öz qucağını aşmış, himayəsini əsirgəməmişdi. 2024-cü ilin “Qərbi Azərbaycana qayıdış” festivalına məkan olan Batabat yaylağının növrağı indi bir başqa idi. Əzəli torpaqlarını unutmayan, yurd həsrətli Qərbi azərbaycanlılar qayıdışa inam sərgiləyirdi: sülhə çağırış dolu zəngin mədəniyyəti, musiqisi, adət-ənənəsi,  folkloru ilə. Həmin gün “Torpaqdan pay olmaz”, “Qoy ədalət zəfər çalsın”, “Biz müharibə istəmirik” kimi mesajlar verildi dünyaya.

Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən təşkil olunan Qərbi Azərbaycan mətbəxinə məxsus kulinariya sərgisinə  60-dan çox milli yemək, 44 çeşiddə meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki, 94 növdə mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsi çıxarılmışdı.

Festivalda “Azərgold” QSC-nin təşkil etdiyi stend də maraqla qarşılanıb. Stenddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə, eləcə də milli ornamentlərimizi əks etdirən qızıl və gümüş sikkələr nümayiş etdirilib.

Festivalın əhatə olunduğu geniş ərazidə Qərbi Azərbaycanın 11 mahalını-İrəvan, Sərdərabad, Dərələyəz, Zəngəzur, Göyçə, Şörəyel, Dilican, Gərnibasar, Qırxbulaq, Kərbibasar, Vedibasar mahallarını əhatə edən çadırlar qurulmuşdu. Hər çadır adlandırıldığı mahalın tarixi-mədəni irsinə müvafiq bəzədilmişdi. 

Ulu dədəmiz Qorqud öyüd-nəsihətini verdi, uca zirvədə 3 tonqal yandırıldı, alovu ərşə dayandı: oğuz eli bütünlüklə şənliyə toplansın, indi birlik zamanıdır, yurda qayıdış zamanıdır, bizim olana sahib çıxmaq zamanıdır deyə. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz öz sözünü dedi, gücümüzü bütün dünya gördü. Lakin xalq olaraq heç zaman kimsənin torpağında gözümüz olmadı, sülhün, ədalətin tərəfində dayandıq. İndi də sülh, ədalət tərəfdarıyıq. Silahla deyil, Qərbi Azərbaycan torpaqlarının bir addımlığına həmin torpaqların gerçək tarixi, mədəniyyəti, folkloru, yurd yerlərində yaşam izimiz olan fotolar, hətta mətbəx irsini özündə ehtiva edən  real nümunələrlə gəlmişdik. Biz Vətənə doğru gəlmişdik. Qurulan hər çadır da özündə məhz bu keyfiyyətləri və tarixi detalları əks etdirirdi. 

İrəvanda xal qalmadı,

O xal nə xaldı üzə düzdürmüsən

De görüm nə xaldı qoşa düzdürmüsən.

İrəvan çadırının qarşısından xanəndənin səsi ucalır. İrəvan Azərbaycanın ən qədim tarixə malik mahallarındandır. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. Avropa səyyahları Jan Tavernye, Jan Şarden, Kerr-Porter, Monpere, Kameron və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. Tarixi faktlar onu göstərir ki, İrəvan şəhərində ermənilərə məxsus hər hansısa qədim tarixə söykənən memarlıq abidəsi mövcud deyil. Məlumdur ki, İrəvana ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçürülüb gətirilərək məskunlaşdırılmışlar. 

İrəvan çadırı İrəvan şəhərinə aid maddi-mədəniyyət nümunələri - milli musiqi alətləri, geyimlər, xalçalar, İrəvan qalasının maketi, məişət əşyaları ilə bəzədilmiş, Qərbi Azərbaycanla bağlı kitabların sərgisi təşkil edilmişdi. İrəvan şəhərində yerləşən təhsil ocaqlarını bitirmiş şəxslərin diplomları, həmin şəhərdə yaşayan soydaşlarımızın digər sənədlərindən ibarət guşə hazırlanmışdı. Eyni zamanda, İrəvanın gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salmaq, İrəvan şəhəri ərazisində azərbaycanlıların yaratdığı mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaratmaq məqsədilə İrəvan dolması, İrəvan küftəsi, səbzəplov, müxtəlif kükülər, küküplov, salmanca qovurması, ələyəz şorbası, əvəlik şorbası, hədik şorbası, dovğa, qovurmalı düyü şorbası və digər yemək nümunələri xüsusi qablarda zövqlə hazırlanmışdı. Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən İrəvan qalasının sonuncu müdafiəçisi Həsən xan, onun nəvəsi Fətəli xan və rus zabiti rolları “Biz İrəvana qayıdacağıq” adlı səhnəciklə tamaşaçılara təqdim edildi. 

İrəvanın mahallarından biri Sərdərabad olub. 1817-ci ildə İrəvan sərdarı Hüseynqulu xanın Üçkilsənin qərbində tikdirdiyi Sərdərabad qalası uzun illər bu torpaqları yadelli basqınlarından qoruyub. Lakin sonrakı dövrlərdə tarixin izini silmək məqsədilə qala tamamilə dağıdılıb. 

“Sərdərabad” yallısı ifa olunur, qol tutub yallı gedənlər birlik nümayiş etdirir. Türk-müsəlman izini illərdir torpaqdan, daşdan qazımağa çalışsalar da, o torpaqda göz açan insanların ruhundan qazıya bilmədilər... 

Sərdərabad çadırı maddi-mədəniyyət nümunələri ilə bəzənmişdi: qədim məişət əşyaları, xalça və xalçaçılıq məmulatları, dibək daşı, sürahilər, üçlü şamdan, daş ütü, nehrə  və digər bu qəbildən olan əşyalar insanı uzaq keçmişə aparır, milli mətbəx nümunələri-daş küftə, əyirdək, hədik, yarma aşı, kətə, yağlı çörək ana-nənələrimizin öz keçmişinə bağlılığını göstərirdi. 

İrəvan xanlığının mərkəzində yerləşən mahallardan biri Kərbibasar idi. Hansı ki, 1948-51-ci illərdə azərbaycanlılar yaşadıqları son 6 kənddən deportasiyaya məruz qalıblar. Kərbibasar çadırının önündə qurulan təndirdə bişən kətə, çırpma, tapının iyisi ətrafı bürümüşdü. Kərbibasar həmin gün öz qapılarını rəmzi mənada qonaqların üzünə açmışdı: sazla, sözlə, deyimlər, gülümeylərlə, Qərbi Azərbaycana xas mətbəx nümunələri ilə. Çadırda tarixin müxtəlif dönəmlərinə aid maddi-mədəniyyət nümunələri ilə yanaşı, Qərbi azərbaycanlılara xas 105 ədəd foto və sənədlər nümayiş etdirilirdi. 

Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşan Qərbi azərbaycanlıların Kərbibasar mahalının adət-ənənəsini sevgi ilə nümayiş etdirməsini xüsusilə vurğulamaq lazımdır. 

Əməkdar artist Əli İsmayılovun zurnada “Göyçə gülü” ifası dağları-daşları titrədir. İfa adamı Aşıq Ələsgər elinə götürüb aparır-bizim Göyçəyə, qədim Göyçəyə. Bəzi yurd yerlərini tarixi abidələrilə təqdim etsək də, Dədə Ələsgər kimi möhürü var bu torpaqların.

Püşti-pənahına daldalanmışam,                     
Adım Ələsgərdi, əslim Göyçəli!

Və yaxud

        Göyçənin qonağa çoxdu hörməti;
        Qaysava, qayğanaq verir ləzzəti,
        Pilov, dolma, kabab, əmliyin əti...
        İnsaf elə, tək motaldan danışma!

-deməklə aşıq əvvəl doğulduğu torpağın Göyçə olduğuna diqqəti çəkir, digər bir şeirində isə  Göyçənin qənaqpərvərliyin, mətbəxinin zənginliyini göstərir. Elə festivalda da qədim xalça məmulatları, məişət əşyaları, Qərbi Azərbaycanda -əzəli ata-baba yurdlarında çəkilmiş fotolarla bəzədilmiş Göyçə çadırının önündə mətbəxi sərgilənirdi: əyirdək, səbzəli plov, qaysava, yeznə-gəlin şirniyyatı, ayran aşı və s.

Dilican 1826-cı ilədək Qazax mahalının kəndlərindən biri idi. O, 1919-cu ilədək Azərbaycanın tərkibində Qazax-Dilican qəzası adlandırılıb. Sonradan digər Qərbi Azərbaycan torpaqları kimi Dilican da Ermənistan Respublikasının tərkibinə ilhaq edildi. İllər bizə əzəli yurd yerlərimizi unutdura bilməz. Batabatda qurulan Dilican çadırının önünə insanlar toplaşıb, tulumda, balabanda, sazda təqdim olunan rəngarəng musiqi nömrələrini dinləyir, yallı gedənlərlə qol-boyun olur, xalq oyunlarını izləyirdilər. Küpələr, səhənglər, yəhər, toxmaq, burğac, teşi, sandıq, rəfətə, çəpərə,  XVIII əsrə dair kuzə, XVII əsrə dair cam, kirkirə, xurcun kimi qədim əşyalar Dilican çadırını bəzəyib.  Hazırlanan qədim mətbəx nümunələrinin- xəşil, əvəlik supu, tərək quymaq, həsli qalın, gicitkən kətəsi, şıppır dolmasının ətri isə ətrafı bürüyüb. Bir tərəfdə də xanımlar qədim adət-ənənəmizi sərgiləyir. Şahbuzun Gömür kəndində kompakt şəkildə yaşayan Qərbi azərbaycanlı xanımlar əriştə kəsir, təndirdə kətələr bişirir, kirkirədə yarma çəkir, ələyəz və şıppır hörürdülər. Yun daranır, xalça toxunur. Xalçaya vurulan hər ilmədə yurda qayıdış həvəsi, sevgisi duyulur...

Göyçədən qalxanda Selim Gədiyə

Göz gəzdir qocaman Karvansaraya

Qabaxlı, Ələyəz, Qara Qayaya

Qalaserə, Qızılgülə baxasan.  

Gülüdüz, Qovuşuq, Gədik Vənginə

Çivə, Əmovuya, Həsən kəndinə

Ağkəndə, Zeytəyə, Gabud səmtinə

Dolanasan gələ-gələ baxasan.

Gomurlu Aşıq Kamil Teymuroğlunun Dərələyəzə həsr etdiyi bu şeirdə adları sadalanan kəndlərin əhalisinin bir qismi hazırda muxtar respublika ərazisində yaşamaqdadır. Naxçıvanın əsasən Şahbuz, Kəngərli, Şərur bölgələrində məskunlaşan dərələyəzlilər bu gün də öz adət-ənənələrini unutmur, folklor, mətbəx nümunələrini sevə-sevə yaşadırlar. Və onlar inanırlar ki, bir gün mütləq öz ata-baba yurdlarına dönəcəklər. 

Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası hazırladıqları dərin məzmunlu, yurd həsrətli və yurda qayıdış motivləri ilə dolu “Dərələyəz” kompozisiyasını təqdim edirlər. 

Dərələyəz çadırı da bir başqa ab-havada bəzədilmişdi. Burada dərələyəzlilərin qədimlərdən süzülüb gələn məişət ənənələri, mətbəx yaradıcılığı nümayiş etdirilməklə yanaşı, Dərələyəzin tanınmış şəxsiyyətlərinin fotoları, barələrində məlumat, həmçinin Həsən Mirzə, Mahirə Nağıqızı və digər yazıçı-şairlərin kitabları sərgilənirdi. 

Dərələyəz mahalının el ağsaqqalı, şair Həsən Mirzənin  dediyi kimi:

Mütləq gələcəyəm, bil, Dərələyəz,

Çox ötüb keçsə də il, Dərələyəz!

Həsən səninlədir, bil, Dərələyəz!

Mərkəzi qədim Uluxanlı torpağı olmuş Zəngibasara ermənilər 1828-ci ildən sonra köçürülüb. Köçürüldükləri zamandan yerli əhalini sıxışdıran ermənilər genişmiqyaslı soyqırımlar törədiblər. 1920-ci ilə qədər ermənilərin törətdiyi hadisələr zamanı təkcə Uluxanlıda 2568 nəfər azərbaycanlı soyqırıma məruz qalıb, sağ qalanlar Türkiyə və Naxçıvan ərazisinə keçib. Zəngibasar çadırının önündə Culfanın folklor kollektivlərinin səsləndirdikləri bayatılarda da elə yurd həsrəti ifadə olunurdu. Onu da vurğulamaq yerinə düşər ki, Zəngəzur mahalının əsasən Qafan, Qarakilsə bölgəsindən didərgin düşənlər  Culfanın Gal, Şurud kəndlərində kompakt şəkildə yaşayırlar. Digər kəndlərdə-Əbrəqunus, Bənəniyar, Qazançı, Milax, Ərəfsə kəndlərində də yaşayan Qərbi azərbaycanlılar az deyil. 

Əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olan Şörəyel mahalının bir hissəsi Ermənistana verilmiş və adı dəyişdirilmişdir. Bir-birinə bənzər yurd yerlərinin taleyi haqqında doğmaları hər zaman düşünmüş, indi də düşünməkdədirlər. Bəzəkli Şörəyel çadırının önündə təqdim olunan qədim el yallılarını hər kəs qürurla izləyir. Nəinki izləyir, yallı gedənlərin sırası izləyicilərlə artırdı. Şərurda məskunlaşmış Qərbi azərbaycanlılar birlik nümayiş etdirir, eyni zamanda yurda qayıdış əzmini, arzusunu sərgiləyirdilər. 

Qədim yurd yerlərimiz-Vedibasar və Qırxbulaq çadırlarının önü də qələbəlik idi. Kiçik tarix muzeyini xatırladan çadırlarda xatirə şəkli çəkdirənlər kim, bu tarixi günü telefonunun yaddaşına köçürənlər kim. 

 

Zəngəzur çadırında isə əhval tam başqa idi. Ordubadlı xanımlar haxışta deyir, toyu festival meydanında keçirilən gənclərə xoşbəxtlik arzulayırdılar. 

Dəsmalın ağına bax,

Dəstənin sağına bax.

Əgər könlünə düşsəm,

Zəngəzur elinə bax.

***               

Maşın gəlir aralı,

İçi dolu yaralı.

Qardaşım bir qız sevib,

Zəngəzurun maralı. 

1905-ci ildən soyqırıma məruz qalan Zəngəzur əhalsinin böyük bir qismi dağları aşaraq yaxın Naxçıvan elinə pənah gətirmişlər. Onların varisləri Ordubadda yaşamaqdadırlar. Zəngəzur elinə məxsus keçirilən toy mərasiminin səbəbkarları da elə əslən Qafan rayonunun Oxçu-Şabadin kəndindən olan Elvin Səyyadov və Seyidlər kəndindən Fəridə Əliyeva  idi. Qərbi Azərbaycan adət-ənənələrinə uyğun “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər festival iştirakçıları tərəfindən böyük maraq və sevinc hissi ilə izlənildi.  

Muxtar respublikada Qərbi azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdən biri məhz Ordubaddır. Ordubadın Parağa kəndinin əhalisini isə tamamən Qərbi Azərbaycandan gələnlər təşkil edir. Bu kəndin gəncləri qədim atüstü oyun-Çövkən oyununu qoruyub saxlayırlar. Meydana atlarla daxil olan gənclərin nümayiş etdirdiyi qədim el oyununu hər kəs maraqla izlədi. 

Festival bizi bir anlıq tarixi yurd yerlərinə-Zəngəzura, İrəvana, Zəngibasara, Kərbibasara, Vedibasara, Göyçəyə, Dilicana, Dərələyəzə, Şörəyelə, Sərdərabada, Qırxbulağa apardı. Milli dəyərlərin, tarixi-mədəni irsin, yurd həsrətinin, Vətən sevgisinin, əzmin, səbrin, iradənin cəm olduğu bu festival möhtəşəmliyi ilə yadda qaldı. Bu festival həm də əzəli torpaqlarımızın-Qərbi Azərbaycanın bir addımlığında birliyimizin göstəricisi, yurd yerlərinə qayıdışın addım səsləri idi. Biz bizim olan yurd yerlərinə-Qərbi Azərbaycana qayıdacağıq-Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi…

 

Könül İbrahim qızı Səmədova

Filologiya elmləri doktoru, dosent

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri







Sosial həyat