Məlumat verildiyi kimi Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti mina təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Cənub-Şərqi Asiyada işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tailand Minatəmizləmə Mərkəzinin (TMAC) Baş direktoru general-leytenant Nattavut Sabyeroop ilə görüşü təşkil edilib.
Görüşün məqsədi humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə müzakirələrin aparılmasından ibarət olub.
Ölkəmizin üzləşdiyi mina probleminin miqyası haqda məlumat verən Elçin Əmirbəyov bu problemin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin diqqətinin və dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O, keçirilən görüşün bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov hər iki qurumun humanitar minatəmizləmə fəaliyyətində çoxillik təcrübəsini nəzərə alaraq qurumlararası sıx və birbaşa kommunikasiyanın yaradılmasının zəruriliyini bildirilib. V.Süleymanov Tailand Minatəmizləmə Mərkəzinin nümayəndələrini mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməyə dəvət edib.
Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində həm Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, həm də Tailand Minatəmizləmə Mərkəzinin fəaliyyəti, bu istiqamətdə əldə edilən nailiyyətlər barədə hər iki qurum nümayəndələri tərəfindən məlumat verilib. Ölkəmizdə yaradılması nəzərdə tutulan ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin işinin təşkili ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi və gələcək mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru Rotna But mina təhlükəsi ilə mübarizə sahəsində ARMAC-a üzv ölkələrin minatəmizləmə qurumları və ANAMA arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.
Həmçinin, Tailand Minatəmizləmə Mərkəzinin Baş direktoru Azərbaycanla sahə üzrə təcrübə və təlim mübadiləsinə hazır olduqlarını səsləndirib.
Tailand Minatəmizləmə Mərkəzində keçirilən görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) təşkilatçılığı ilə baş tutub.
Səfər çərçivəsində mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində görüşlər davam edir.