Şəhid Camal İsmayılovun xatirəsi anılıb

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Vətən Müharibəsində qəhrəmanlıqları ilə adını hərb tariximizin səhifələrinə Hadrut fatehi olaraq qızıl hərflərlə yazdıran Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun anadan olmasının 40-cı ildönümə həsr olunmuş anım tədbiri keçirilib. 

Tədbirdə şəhidin  ailə üzvləri - həyat yoldaşı Fatimə İsmayılova, qızları Əsmət İsmayılzadə və Əsnad İsmayılzadə, atası Vidadi İsmaılov, xalası Rozaliyə Məmmədova, döyüş dostları Şərafəddin Xankişiyev, Zaur Ələkbərov, Vahab Nəhmətov, Gündüz Rüstəmov, Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid anaları, Müdafiə Nazirliyinin idarə və müəsisələrindən nümayəndələr iştirak edib. 

Muzeyin rəisi Əzizağa Qənizadənin şəhid Camal İsmayılovun  həyatı və döyüş yoluna həsr olunmuş məruzəsi, ailə üzvləri - anası Filara İsmayılovanın, tabor komandiri olmuş Nizami Əliyevin, müharibə veteranı Bəhruz Məmmədzadənin, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədlinin və Türkiyə Səfirliyinin nümayəndəsi Cahangir bəyin qəhrəmanımızla bağlı xatirələri  dinlənildi. Qeyd olundu ki, şəhid Camal İsmayılov yaşıdlarından dərin düşüncəsi və intellektual səviyyəsi ilə seçilib. Camal torpaqlarımızı azad etmək üçün daim irəli getmək, mənfur düşməni son nəfəsinədək qovmaq, torpağımızdan çıxarmaq uğrunda vuruşub. 

Tədbirdə qəhrəmanımızın 44 günlük müharibədə keçdiyi ağır döyüş yolunu əks etdirən qısametrajlı sənədli film nümayiş olundu. 

Bədii hissədə H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi solistlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqilər ifa olundu.

 

Rizvan FİKRƏTOĞLU

XQ





Sosial həyat