Milli Mətbuat Gününüz mübarək!

post-img

Təməli  22 iyul 1875 - çi il  ildə  Həsən bəy Zərdabi tərəfindən qoyulan, xalqın milli şüurunun oyanmasında, əhalinin maariflənməsində əvəzsiz rolu olan Azərbaycan mətbuatının “Əkinçi” adlı qəzetlə fəaliyyətə başlamasından  149 il ötür. 

Bu qəzetin ərsəyə gəlməsi  heç də asan olmamışdır. O ərəfələrdə Həsən bəy ortaya çıxan problemlərdən gileylənərək  yazırdı: "Bəs qəzeti necə çıxarım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır".  Xeyli çətinlikdən sonra qubernator mətbəəsində nəşr edilən "Əkinçi" qəzeti iki illik fəaliyyəti dövründə çox işlər gördü. 

 Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Ələkbər Heydəri,Tiflisdən Mirzə Fətəli Axundov və digər yazıçılar öz mütəqəqqi ideyalarını  dolayı, müxtəlif yollarla "Əkinçi" qəzeti vasitəsilə  xalqa çatdırmağa, onları qəflət yuxusundan ayıltmağa çalışmışlar.

"Əkinçi" qəzeti  keşməkeşli  yollarda cığır açaraq ardınca gələn  milli-demokratik  qəzet və jurnallara yol göstərmişdir.

İndi Azərbaycanda  güclü, müasir tələblərə cavab verən mətbuat –  kütləvi informasiya şəbəkələri mövcuddur. Bunlardan birinin adını–əməkdaşı olduğum "Xalq"qəzeti"nı xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətinin ictimai-siyasi həyatını əks etdirən bu qəzet ölkəmizdə baş verən hadisələri ictimaiyyətə ötürərkən, beynəlxalq aləmdə gedən prosesləri analitik təhlil edərkən obyektivlik, dəqiqlik, həqiqət prinsipinə əsaslanır.

 Milli Mətbuat Günü  münasibətilə mətbuatımızın inkişafında rolu olan, 44 günlük Vətən müharibəsində qələmini silaha çevirərək yağılara tuşlayan, alovlu yazıları ilə  nəfəsindən düşmənə od püskürən, xalqı qələbəyə ruhlandıran jurnalistləri, qələm sahiblərini təbrik edir, şərəfli və məsuliyyətli peşələrində  yeni-yeni uğurlar arzulayıram. Qoy qələminiz həmişə sülhdən, əmin-amanlıqdan yazsın!

Mürəkkəbini və qanını xalqından əsirgəməyən Vətən fədailərini–şəhidlik zirvəsinə yüksələn jurnalistləri ehtiramla anır, "Uğrunda candan keçdiyiniz Ana torpaq Sizlərə cənnət olsun"–deyirəm.

Zülfiyyə Ziya

XQ

Sosial həyat